12 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Banqladeş Xalq Respublikasının ölkəmizdəki qeyri-rezident səfiri Amanul Haqqı qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər ölkələrimiz arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişaf etdiyini, beynəlxalq təşkilatlar, xüsusilə də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 çərçivəsində qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu vurğulayıblar. Xüsusilə, iqtisadi, ticarət, energetika, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu bildirilib. Liderlər səviyyəsində təmasların, Banqladeşin keçid hökumətinin rəhbəri, baş müşavir Məhəmməd Yunusun COP29-da iştirakı məmnunluqla xatırlanıb. Növbəti ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə görüşləri, eləcə də BMT-nin Ümumdünya Şəhərsalma Forumu çərçivəsində geniş əməkdaşlıq perspektivlərinin olduğu vurğulanıb. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən yüksək səviyyəli təmasların artırılması, beynəlxalq platformalarda əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Bakı 





