"Son zamanlar intiharların sayı artır və mənfi proqnozlar özünü doğruldur".
Bunu Bakıvaxtı.az-a son günlər intiharların artmasına münasibət bildirən psixoloq, psixoterapevt Elmir Əkbər deyib.
Onunu fikrincə, buna səbəb psixoloji gərginlik, karantindən sonra insanların pozulan əhval-ruhiyyəsinin düzəlməməsi və vaxtında həkim psixoterapevtə müraciət etməmələridir: "Bir çox hallarda müraciət edənlər də əldəqayırma psixoloqlara müraciət edirlər. Çünki həkim psixiatr, həkim nevroloq, adi BDU və yaxud APU-nu bitirən psixoloq həkim psixoterapevt demək deyil. Ona görə də, vəziyyət doğru-düzgün qiymətləndirilmir. Hər gün neçə-neçə səhv yazılmış resept və yanlış qoyulmuş diaqnozlar görürəm. Səbəb insanların hələ də psixoterapiya seanslarına, həkim psixoterapevtə müraciət etmək mədəniyyətinin formalaşmamasıdır”.
E.Əkbər vurğulayıb ki, insanlar vaxtında psixoterapevtə getsələr, doğru diaqnoz qoyular və intiharın, digər ağır fəsadların yaranmağının qarşısı alınar: “Əsas səbəb budur. Təbii ki, cəmiyyətdə günü gündən artan aqressiya, sosial şəbəkələrdə yayılan dezinformasiya xəbərləri insanları depressiyaya salır, təşviş, həyacan və qorxu yaradır. Bunların hamısı ağır xəstəliklərə və intihara gətirib çıxarır. Ona görə də, əsas məsələ odur ki, insanlar kompleksi kənara qoyub maariflənsinlər. Cin çıxarmağa yox, həkim psixoterapevtə getsinlər”.
Aytac Aslan
















