• Bakı 14° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

COP29-un parlaq uğuru fonunda COP30 xaosla yadda qaldı

SİYASƏT

21 Noyabr 2025 | 14:44

COP29-un parlaq uğuru fonunda COP30 xaosla yadda qaldı

Bu il 10–21 noyabr tarixlərində keçirilən, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının, yəni, COP-un 30-cu sessiyası ilə bağlı son iki həftə ərzində yaşanan təşkilati və siyasi problemlər ötən il Bakıda keçirilən COP29-la müqayisə aparmaq zərurətini daha da artırır.

Çünki COP30-un davam etdiyi müddətdə ortaya çıxan qarışıqlıq, koordinasiya çatışmazlığı və gündəmin dağınıqlığı fonunda COP29-un peşəkar planlaşdırılması, aydın strategiyası, nəticəyönümlülüyü və yüksək səviyyəli iştirakçılığı daha qabarıq görünməyə başlayıb.

Bakıdakı COP29 qlobal iqlim diplomatiyasının son illərdəki ən sabit, ən ardıcıl və ən effektiv tədbiri kimi yadda qaldı. Azərbaycanın təşkilatçılığı ilə keçirilən sammit həm texniki koordinasiya, həm diplomatik balans, həm də siyasi qərarların universallığı baxımından yüksək standart formalaşdırdı. Danışıqlar prosesinin ritmi, gündəliyin aydınlığı, maliyyə mexanizmləri üzrə konsensusun əldə olunması və iştirakçı ölkələr arasındakı münasibətlərin konstruktivliyi COP29-u uğur nümunəsinə çevirən əsas faktorlar idi.

COP30-da isə bu iki həftə ərzində tam əks mənzərə yaşandı. Braziliyanın ev sahibliyi etdiyi sammiti müşayiət edən ardıcıl çətinliklər - təşkilati komitələrin tez-tez dəyişməsi, Amazon siyasəti ilə bağlı daxili ziddiyyətlər, gündəliyin qeyri-müəyyənliyi, məruzələrin gecikməsi, danışıqların tez-tez dayanması və aparıcı ölkələrin təsirli koordinasiya qura bilməməsi tədbirin effektivliyinə kölgə saldı. COP30-un son gününə isə bütün gündəmi kölgədə qoyan yanğın hadisəsi damğasını vurdu.

Bununla yanaşı, COP30 boyunca diqqəti çəkən digər zəiflik diplomatik harmoniyanın olmaması idi. Bir sıra Qərb ölkələrinin Braziliyanın mövqeyi ilə ziddiyyətləri, inkişaf etməkdə olan dövlətlərin gündəm daxilində özünü təmsil olunmamış hiss etməsi və iqlim maliyyəsi sahəsində konkret nəticələrin əldə olunmaması COP30-u “yadda qalmayacaq COP” kimi qiymətləndirən fikirləri daha da gücləndirdi.

Bu mənzərə COP29-un uğurunu daha da aydın şəkildə göstərir. Bakıdakı sammitdə həm təşkilatçılıq sabit idi, həm ev sahibi ölkə iqlim diplomatiyasına ciddi hazırlıqla daxil olmuşdu, həm də ən həssas məsələlər üzrə anlaşma əldə olunmuşdu. COP30 isə əksinə, iki həftə ərzində fərqli problemlərdən başını qaldıra bilmədi və qlobal iqlim gündəminin lider toplantısı olmaq əvəzinə daha çox koordinasiyada itkilərlə yadda qaldı.

Beləliklə, bu gün, COP30-un yekun günü ortaya çıxan mənzərə iki COP arasında kəskin fərqi təsdiqləyir: COP29 uğurlu təşkilatçılığın, peşəkar diplomatiyanın və ardıcıl qərarların nümunəsi oldu; COP30 isə ardıcıl problemlərin, dağınıq diplomatik ritmin və nəticəsiz danışıqların yaratdığı xaotik təsirlə yadda qaldı. Bu müqayisə göstərir ki, qlobal iqlim gündəmini müəyyən edən təkcə qəbul edilən qərarlar deyil, tədbirin keçirildiyi ölkənin siyasi iradəsi, koordinasiya bacarığı və diplomatik balansı da eyni dərəcədə həlledicidir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR