“Azərbaycanın 3 ölkədə - İsrail, Keniya və Albaniyada səfirlik açacağı ilə bağlı qərarını alqışlayıram”.
Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev bildirib.
Ekspert bundan başqa, Azərbaycanın Fələstində nümayəndəlik açacağını da xatırladıb:
“Albaniya və Keniya tamamilə yeni yanaşmadır. Amma İsraillə bağlı biz uzunmüddətli bir səhv buraxdıq. Çünki onlar 1993-cü ildə Bakıda səfirlik açanda, biz də bu addımı atmalıydıq. Təəssüf ki, o vaxt bunu etmədik. Azərbaycan qonşu dövlətlərlə münasibətləri gərginləşdirməmək üçün İsraillə münasibətləri daha məxfi şəkildə yürüdürdü”.
C.Nuriyev bildirib ki, bunu bizim israilli dostlarımız da anlayırdı:
“Bilirdilər ki, Azərbaycan məğlub olmuş bir vəziyyətdəydi, yəni bizim elə böyük imkanlarımız yox idi. Amma 44 günlük Vətən müharibəmizdən sonra həm qələbə qazandıq, həm indi iqtisadi cəhətdən kifayət qədər güclüyür, eyni zamanda İsrailin müharibə zamanı Azərbaycana qarşı mövqeyindəki müsbət dəyişiklik məxfi siyasətin üzə çıxmasına səbəb oldu”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan İsraillə həmişə yaxşı münasibətdə olub: “İsraildə səfirlik açmaq qərarımız heç də təkcə qonşu İrana görə ləngimirdi, burda Fələstin, Rusiya, ABŞ məsələsi də var idi. Mən cənab Prezidenti belə bir qərar verdiyinə görə alqışlayıram. İnanıram ki, bizim peşəkar səfirlərimizdən biri orda olacaq və Azərbaycan-İsrail münasibətlərində yeni səhifə açılacaq”.
Nuranə Daxilqızı
















