2018-ci ildə fiziki şəxslərin gəlir vergisinin 8 min manatadək olan hissəsinin sıfırlanması əmək bazarında ciddi pozitiv nəticələr verib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsinə və digər 16 qanuna təklif olunan dəyişikliklərin ilk oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, son 7 ildə ölkədə əməkhaqqı fondu 2,7 dəfə artıb, sosial sığorta ödənişləri isə 3,4 dəfə yüksəlib. Bu isə vergi güzəştlərinin iqtisadi artıma töhfə verdiyini göstərir.
Onun fikrincə, vergi siyasətində aparılan islahatlar məşğulluğun artmasına, yeni iş yerlərinin açılmasına və makroiqtisadi sabitliyin qorunmasına xidmət edir. Mirkişili təklif olunan yeni dəyişiklikləri dəstəklədiyini və onların gələcəkdə daha böyük nəticə verəcəyini bildirib.
Əli Hüseynov
Bakı 



