• Bakı 23° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.9351

    RUB - 2.1687

Doha görüşü öncəsi ABŞ-İran qarşıdurması: Masada nə var?

SİYASƏT

30 Iyun 2026 | 17:09

Doha görüşü öncəsi ABŞ-İran qarşıdurması: Masada nə var?

ABŞ və İsrailin İrandakı hərbi əməliyyatlarının siyasi böhrana yol açmasının ardından, Vaşinqton və Tehran regional gərginliyi azaltmaq üçün kritik bir addım atıb. Tərəflər, qlobal neft daşımalarının şah damarı hesab olunan Hörmüz boğazı ətrafındakı hərbi hücumları müvəqqəti dayandırmaq və fikir ayrılıqlarını həll etmək üçün bu gün Qətərin paytaxtı Dohada bir araya gəlir. ABŞ-də yaxınlaşan payız seçkiləri və İrandakı iqtisadi sanksiyaların təzyiqi fonunda reallaşan bu görüşün regionda kövrək bir atəşkəs yaradıb-yaratmayacağı isə dünya birliyinin diqqət mərkəzindədir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, ABŞ və İsrailin İranda apardığı birgə hərbi əməliyyat siyasi baxımdan fiaskoya uğradı. Amerikanın bu əməliyyatda məqsədi İranda hakimiyyəti dəyişmək, özünə münasib bir İran dövləti yaratmaq və onu idarə etmək idi. İran dövlətinin isə BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə etmək hüququ var və bu zaman bütün vasitələr məqbul sayılır. O cümlədən, Hörmüz boğazının bağlanması da məhz özünü müdafiə məqsədi daşıyırdı:

"Nəticədə ABŞ Tramp hakimiyyətinə qarşı ciddi etirazlar baş qaldırdı. Ümumiyyətlə, bu hərbi əməliyyat nəticəsində dünya iqtisadiyyatında bir xaos yarandı, proses beynəlxalq ictimaiyyətin qınağına səbəb oldu və Trampın reytinqi sürətlə enməyə başladı. Trampın məqsədi təkcə İran dövlətini deyil, həmçinin Hörmüz boğazını da öz nəzarətinə keçirmək idi. Bu da ondan irəli gəlirdi ki, Amerika imperiyasının dünyada güclənməsi üçün Hörmüz boğazının nəzarətə götürülməsi vacib şərt sayılır. Bildiyiniz kimi, bu boğazdan dünya neft tankerlərinin 20%-i keçir; bura nəzarət etməklə ABŞ dünyanın enerji sahəsinə hökm etmiş olacaq və dünya iqtisadiyyatına bu və ya digər formada öz şərtlərini diktə edəcəkdi. Hansı dövlət ki Amerikanın maraqlarına uyğun davranmayacaqdı, həmən dövlətin neft tankerlərinə məhdudiyyətlər qoyulacaq".

Politoloqun sözlərinə görə, eyni zamanda, Hörmüz boğazından Çinə də böyük neft tankerləri və enerji daşınır. Amerika üçün Çin böyük təhlükə mənbəyidir və Çini iqtisadi cəhətdən zəiflətmək üçün Amerika Hörmüz boğazına nəzarət edəcəkdisə, bununla həm də Çinin iqtisadi sisteminə təsir etmək rıçaqları əldə edəcəkdi. Yəni, ümumilikdə Amerikanın strateji bir planı var idi. Bu plan fiaskoya uğradığı üçün indi Tramp çalışır ki, İranla danışıqlarda hansısa bir sənəd imzalansın və o, bunu Amerika ictimaiyyətinə qələbə kimi təqdim etsin. Çünki Birləşmiş Ştatlarda payızda Konqresə aralıq seçkilər keçiriləcək. Bu seçkilərdə respublikaçılar məğlub olarsa və demokratlar mütləq qələbə qazanarsa, onda Trampın impiçment məsələsi gündəmə gələ bilər:

"Bu baxımdan Tramp tələsir ki, İranla hansısa bir razılığa gələrək taym-aut götürsün və həmin razılaşmanı Birləşmiş Ştatlar cəmiyyətinə qələbə kimi təqdim edə bilsin.

İran da istər Hörmüz boğazında, istərsə də digər məsələlərdə razılaşmanın əldə edilməsində maraqlıdır. Çünki İran iqtisadi cəhətdən ciddi zərər görüb, ağır sanksiyalara məruz qalıb, ölkədə iqtisadi durum və sosial vəziyyət getdikcə pisləşməyə doğru gedir. İran hər hansı bir sənədin imzalanmasında maraqlı olsa da, bu sənədin mütləq beynəlxalq hüquq müstəvisində olmasının tərəfdarıdır. Çünki İran dövləti öz dövlət və milli maraqlarına zidd olan hansısa bir sənədə imza atmayacaq. Hörmüz boğazı isə İranın özünü müdafiə etməsi, ABŞ və onların müttəfiqlərinə təzyiq göstərməsi üçün bir rıçaqdır və o, bundan maksimum istifadə etmək istəyir. Hesab edirəm ki, istər Hörmüz boğazında, istərsə də digər məsələlərdə atəşkəsin əldə edilməsi həm Amerikanın, həm də İranın maraq dairəsindədir və tərəflər bu məsələlərdə ortaq varianta gəlmək niyyətindədirlər".

Azad Məsiyev: Bu razılıq ABŞ üçün müvəqqəti xarakter daşıyacaq

Azad Məsiyev qeyd edib ki, məsələyə başqa bir prizmadan da yanaşmaq lazımdır:

"Ortada İsrail dövləti var. İsrail dövləti Amerika Birləşmiş Ştatlarının dövlət siyasətinə təsir etmək gücünə malikdir. Çünki Amerikada ümumdünya yəhudi lobbisi çox fəaldır və istər prezident seçkilərində, istərsə də digər seçkilərdə səsvermənin nəticələrinə təsir etmək gücünə malikdir".

Müsahibimiz bildirib ki, İsrailin maraqlarına uyğun qərarlar qəbul edilmədikdə, bu lobbi Amerikada siyasi hakimiyyətə bu və ya digər formada təsir etmək imkanları qazanır. Bu gün bildiyiniz kimi, İsrail İranla hər hansı bir sənədin imzalanmasında maraqlı deyil. Çünki İsrail dövlətinin Yaxın Şərqdə öz strateji maraqlarını həyata keçirmək və "Böyük İsrail" dövlətini yaratmaq yolunda qarşısında İran kimi bir problem var. Onlar çalışırlar ki, İranda hakimiyyət dəyişsin, İran hakimiyyətini öz təsir dairələrinə salsınlar və buna görə də dəfələrlə Birləşmiş Ştatların siyasi hakimiyyətinə çağırış edərək onları hərbi əməliyyatların davam etdirilməsinə təhrik ediblər:

"Amma Amerikada Tramp administrasiyası yaranmış vəziyyəti nəzərə alaraq və respublikaçıların maraqlarını önə çəkərək İranla razılığa getmək istəyir. Çünki təkcə Amerika ictimaiyyətində deyil, ümumilikdə beynəlxalq aləmdə də Trampın apardığı siyasət qınaq obyektinə çevrilib. Bu baxımdan, yaranmış vəziyyətdə hər iki dövlətin - istər Amerikanın, istərsə də İranın marağındadır ki, ortaq bir razılığa gəlinsin. Amma hesab edirəm ki, bu razılıq ABŞ üçün müvəqqəti xarakter daşıyacaq. Çünki Amerika payızdakı seçkilərdən sonra yenidən müxtəlif bəhanələrlə bu sazişi pozacaq. Onların son məqsədi mütləq şəkildə İranda hakimiyyəti dəyişib, özlərinə münasib bir İran dövləti qurmaqdır".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR