• Bakı 17° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Məqsədi intiqam deyil, ədalətin təminidir: Azərbaycanın mühakimə etdiyi şəxslərin taleyi necə olacaq?

SİYASƏT

17 Oktyabr 2025 | 09:22

Məqsədi intiqam deyil, ədalətin təminidir: Azərbaycanın mühakimə etdiyi şəxslərin taleyi necə olacaq?

Ermənistan və Azərbaycan arasında uzun illər davam etmiş silahlı münaqişə və onun nəticələri təkcə hərbi deyil, həm də siyasi, iqtisadi və humanitar sahələrdə dərin izlər buraxıb. Müharibə dövründə baş vermiş hadisələr, işğalın yaratdığı fəsadlar və beynəlxalq hüququn pozulması faktları bu gün də hüquqi müstəvidə qiymətləndirilməkdədir.

Bu baxımdan, Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə aparılan məhkəmə prosesi xüsusi əhəmiyyət daşıyır. Məhkəmədə təqdim edilən sənədlər işğal illərində Azərbaycanın iqtisadiyyatına, təbii sərvətlərinə və əhalisinə vurulmuş zərərin miqyasını ortaya qoyur.

Eyni zamanda, bu proses yalnız keçmişin hüquqi qiymətləndirilməsi deyil, həm də ədalətin bərpası və sülhün möhkəmləndirilməsi baxımından mühüm addım hesab olunur.

Mövzunun hüquqi və siyasi aspektlərini Bakıvaxtı.az-la birlikdə hüquqşünas Ayxan Məmmədli ətraflı şəkildə təhlil edib.

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasının ərazisində baş vermiş cinayətlərə görə həmin ərazidə mühakimə aparılması beynəlxalq və milli hüquqa tam uyğundur:

"Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının iştirakı ilə keçirilən proses məhz bu prinsiplərə əsaslanır. Azərbaycan ərazisində törədilən hərbi və müharibə cinayətləri Azərbaycan qanunvericiliyi ilə cəzalandırılır. Ərazi suverenliyi prinsipi dövlətə öz torpağında törədilən cinayətlərə görə ədalət mühakiməsini həyata keçirməyə səlahiyyət verir".

Müsahibimiz onu da qeyd edib ki, bu, beynəlxalq hüququn əsas normalarından biridir:

"Əgər cinayətlər Azərbaycan vətəndaşlarına və ya Azərbaycan ərazisinə qarşı yönəlibsə, bu halda Azərbaycan məhkəmələrinin yurisdiksiyası tam hüquqludur. Ermənistan silahlı qüvvələrinin törətdiyi qanunsuz əməllər həm milli, həm də beynəlxalq səviyyədə cinayət tərkibli hesab olunur. Cenevrə Konvensiyalarına əsasən, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər fərdi məsuliyyət doğurur. Bu cür cinayətlərə görə heç bir şəxs sülh sazişi və ya siyasi qərarla məsuliyyətdən azad edilə bilməz".

A.Məmmədli diqqətə çatdırıb ki,  Azərbaycan ərazisində iqtisadi itkilər, təbii sərvətlərin istismarı və minaların basdırılması beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilir. Məhkəmədə elan olunan sənədlər göstərir ki, Ermənistan tərəfi işğal dövründə Azərbaycanın iqtisadi resurslarını qanunsuz istismar edib:

"Bu əməllər həm iqtisadi, həm də ekoloji cinayət xarakteri daşıyır. İşğal dövründə filiz və su ehtiyatlarının qanunsuz istifadəsi dövlətə böyük zərər vurub. Azərbaycanın su elektrik stansiyaları da qeyri-qanuni istismar olunub. Bu səbəbdən hidroenerji sahəsində də böyük iqtisadi itkilər yaranıb".

Ayxan Məmmədli: Azərbaycanın bu addımı beynəlxalq hüquqa və sülh quruculuğu prinsiplərinə uyğundur

Ayxan Məmmədlinin dediyinə görə, bütün bu faktlar göstərir ki, müharibə dövründə törədilən cinayətlər yalnız hərbi deyil, həm də iqtisadi və ekoloji xarakter daşıyır. Minalarla çirklənmə isə bu cinayətlərin ən ağır nəticələrindən biridir.

"İşğaldan azad edilmiş ərazilərin bərpası uzun müddət və böyük maliyyə tələb edir. Bu səbəbdən həmin əməllərin hüquqi qiymət alması ədalətin bərpası üçün vacibdir. Sülh sazişi imzalansa da, bu, cinayət məsuliyyətini aradan qaldırmır. Sülh siyasi münasibətləri normallaşdırır, lakin hüquqi məsuliyyəti istisna etmir. Azərbaycanın məqsədi intiqam deyil, ədalətin təminidir. Məhkəmə prosesi beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Ədalətli məhkəmə prinsipləri qorunduğu halda bu prosesin legitimliyi şübhə doğurmur. Beynəlxalq ictimaiyyət üçün də bu, hüququn aliliyinin göstəricisidir".

Sonda müsahibimiz nəzərə çatdırıb ki, əgər sübutlar möhkəm və obyektiv şəkildə təqdim olunarsa, prosesin nəticələri daha inandırıcı olacaq. Bu məhkəmə həm də regionda məsuliyyət və ədalət anlayışının formalaşmasına xidmət edir. Sülh və ədalət bir-birini inkar etmir, əksinə, tamamlayır: 

"Azərbaycanın bu addımı beynəlxalq hüquqa və sülh quruculuğu prinsiplərinə uyğundur.  Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində törətdikləri cinayətlərə görə mühakimə olunmaları hüquqi baxımdan tam doğrudur".

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 Oktyabr 2025