Pakistan-Əfqanıstan sərhədində baş verən şiddətli toqquşmalarda Pakistan ordusunun ən azı 19 hərbçisi həlak olub.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Əfqanıstanın müvəqqəti hökumətinin Müdafiə Nazirliyinin məlumatına görə, toqquşmalar Əfqanıstanın şərq əyalətləri olan Xost və Paktiya ilə sərhəddə yerləşən Pakistan nəzarət-buraxılış məntəqələrində baş verib. Əfqanıstan sərhədçiləri Pakistanın iki nəzarət-buraxılış məntəqəsini ələ keçirib, bir neçəsini isə yandırıb. Pakistan hərbçiləri Əfqanıstan sərhədçilərinin mövqelərini minaatanlardan atəşə tutub. Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə üç mülki şəxs öldürülüb.
Sərhəddəki insidentlər bu həftənin əvvəlində Pakistan Hərbi Hava Qüvvələrinin təyyarələrinin Əfqanıstandakı terrorçu sığınacaqlarını bombalaması fonunda baş verib. Kabil iddia edir ki, hava zərbələri nəticəsində qadın və uşaqlar da daxil olmaqla 51 sakin həlak olub.