• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu baş versə, marketdəki piştaxtalar boşalacaq – Deputat

CƏMİYYƏT

27 Aprel 2022 | 11:14

Bu baş versə, marketdəki piştaxtalar boşalacaq – Deputat

“Aidiyyatı orqanlarmı nəzarət edə bilmir, ya qanunvericilikdəmi məhdudiyyətlər çoxdur, bilmirəm, amma ümumilikdə hazırkı buğda sortları bizim bu vəziyyətdən çıxmağımıza yaramır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib.

Onun sözlərinə görə, pandemiyanın yaratdığı fəsadlar dəyər zəncirini qırıb və yaxın vaxtlarda onun bərpaolunma ehtimalı, demək olar ki, yoxdur:

“Bir tərəfdən bu, digər tərəfdən də Rusiya-Ukrayna müharibəsi qiymətlərə təsir göstərir. Məsələn, taxıl, bitki yağlarının xeyli hissəsi Rusiya və Ukraynadan ölkələrə ixrac olunurdu. Müharibənin nəticəsi olaraq Rusiya və Ukrayna bu məhsulların ixracatına qadağalar qoyacaq. Təbii ki, belə olan halda, digər ölkələrdə də bu kimi məhsullara məhdudiyyətlər tətbiq olunacaq. Qiymətlərin artması ilə, bir sıra məhsulların qıtlığı da özünü göstərə bilər. Hansı ölkənin valyutası, pulu varsa, ona lazım olan məhsulları çətinliklə də olsa, tapacaq. Çünki məsələn, ənənəvi əlaqələr vasitəsilə əldə olunan taxılla, sonra əlaqə yaradaraq alınan taxılın ölkəyə gətirilmə müddəti arasında çox böyük fərq var. Bu, prossesin nə qədər çətin olduğunu hələ müstəqilliyin ilk illərindən bilirəm”.

Deputatın sözlərinə görə, Azərbaycanın bu istiqamətdə gördüyü işlər, həm daxili istehsalın artırılmasına yönəldilmiş fəaliyyəti genişləndirir, həm də ötən ilin birinci rübü ilə müqayisə edəndə, daha çox taxıl gətirilmiş olur:

“Beləliklə, belə bir sual yaranır: Öz istehsalımız sayəsində əldə etdiyimiz və xaricdən gətirilən taxıl, iyundakı biçinə qədər bizə yetərli olacaqmı? Mənə elə gəlir, müsbət cavab vermək olar ki, bizim ehtiyatlarımız yetərli olacaq. Ona görə də burda əsas məsələ panikadır. Nə qədər ehtiyat olmasından asılı olmayaraq, əgər panik prosesləri başlasa, marketdəki piştaxtalar bir neçə saata boşalacaq. Süni surətdə panikaya düşməyə ehtiyac yoxdur. Bu baxımdan, dünyada hələ BMT-nin aşkarladığı istiqamətdə proseslər gedəcək. Hansı ölkələr ki, öz tədarükünü tuta və müəyyən dərəcədə yerli istehsalı inkişaf etdirə bilir, bu vəziyyətdən asan çıxa biləcək”.  

“Mənə elə gəlir ki, Azərbaycan bu vəziyyətdən orta səviyyəli vəziyyətdə çıxacaq. Biz faktiki olaraq, taxıla olan ehtiyacımızı ödəyə bilirik. Lakin ərzaq buğdasına aid olan taxıldan söhbət gedirsə, orda problem əmələ gəlir. Müxtəlif illərdə aşağısı 1.6, yuxarısı 1.8, yuvarlaq götürsək, 2 milyon tonun altında buğda istehsal edə bilirik. Lakin onun bir hissəsi nişastanın səviyyələrinə görə fərqlənir, yəni məsələn, çörək bişirməyə yaramır. Deməli, biz keyfiyyəti yaxşılaşdırmaq istiqamətində addımlar atmalıyıq. Bizim  çörək bişirilməsi üçün keyfiyyəti buğda sortlarına ehtiyacımız var. Azərbaycanda 50-dən artıq buğda sortu yaradılıb, lakin bu problemi aradan qaldırmaq mümkün olmayıb. Hansısa səbəbdən, ölkəyə gətirilən sortların da çoxu keyfiyyətli deyil. İndi bilmirəm, aidiyyatı orqanlarmı nəzarət edə bilmir, ya qanunvericilikdəmi məhdudiyyətlər çoxdur, ümumilikdə hazırki buğda sortları bizim bu vəziyyətdən çıxmağımıza yaramır”, - deyə Əli Məsimli bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR