Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin “2022-ci ilin dövlət bedcəsi haqqında” qanun layihəsi və büdcəyə daxil olan digər məsələlərə həsr olunmuş plenar iclasında bitki yağı və şəkərin qiymətinin artmasının daha da sürətləndiyini qeyd edib.
Bəs qiymət artımının səbəbi nədir?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərov Bakıvaxtı.az-a danışıb:
“Elman Rüstəmov və digər Azərbaycan rəsmiləri Azərbaycanda qiymət artımının əsas səbəbi kimi dünya birjalarında gedən prosesləri, qiymətlərin artmasını göstərirlər. Burda müəyyən həqiqət payı var, keçən ilin müvafiq dövrü ilə müqayisədə, yəni son bir ildə dünyada ərzaq indeksi 11%-ə yaxın artıb. Şəkər də daxil olmaqla elə məhsul növləri var ki, dünyada qimətlər, təqribən, 20%-ə yaxın artıb. Amma Azərbaycanda qiymət artımının yeganə səbəbi dünya birjalarında gedən proseslər deyil. Təbii ki, təsiri var, çünki Azərbaycan bir çox ərzaq məhsulları üzrə idxaldan asılı olan ölkədir. Əsasən də bitki yağı, kərə yağı, şəkər məhsulları, çay və bu kimi məhsullar üzrə xaricdən çox asılıyıq. Baxmayaraq ki, Azərbaycanın müxtəlif şirkətləri adı altında çay satışa çıxarılır, ancaq tərkibi xaricdən gətirilmiş çaydır. Sadəcə qutulara doldurulur və satışa çıxarılır. Azərbaycanda qiymətlərə əsas təsir göstərən amil inhisarçılıq meyilləri, rəqabətsizlik mühiti, məmur biznesi, vergi və gömrük rüsumlarının məntiqli idarə edilməməsidir. Bütün bunlar Azərbaycanda qiymət artımına təsir göstərən əsas amillərdir”.
Aytac Aslan
















