“Ayna”-“Zerkalo” qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı Bakıvaxtı.az-a müsahibə verib.
Söhbəti təqdim edirik.
İnsan gərək özü üçün düz bildiyi yoldan sapmasın
- Elçin müəlllim, həm Ayaz Mütəllibov, həm Əbülfəz Əliyev, həm Heydər Əliyev, həm də hazırkı prezident İlham Əliyevin hakimiyyəti illərində yazıb-yaratmısınız, yazıb-yaradırsınız. Bəzən bu liderləri müqayisə edirlər. Sizcə, bu şəxsiyyətlərin müqayisəsi doğrudurmu?
- Sözün doğrusu, heç zaman bu müqayisəni aparmıram, çünki onları tərəzinin eyni gözünə qoymaq düzgün deyil. Hərəsi başqa-başqa çəkiyə malik insanlardır. Bəzisi isə heç çəkiyə malik deyil.
Eyni zamanda onu deməliyik ki, Ayaz Mütəllibov müstəqil adam deyildi, onun düşüncələri müstəqil ola bilməzdi, çünki birbaşa Moskvadan təyin olunmuşdu. Mütəllibovun seçkisi də olmamışdır. Əbülfəz Elçibəyin prezidentliyi seçki ilə oldu.
O zaman Azərbaycan ölkə deyildi, yəni ölkəni Heydər Əliyev qurdu. Azərbaycan ölkə kimi Heydər Əliyevin dövründə formalaşdı. Onun rüşeymləri isə Elçibəyin zamanında əmələ gəlmək istəyirdi.
Hərənin öz təcrübəsi var. İdarəçilik təcrübəsi baxımından Heydər Əliyevlə müqayisə düzgün deyil. Onları Heydər Əliyevlə heç cür müqayisə etmək olmaz. Heydər Əliyev tamam başqa səviyyədə idarəçilik görmüşdü, idarəçiliyin nə olduğunu bilirdi.
1999-cu ildə Heydər Əliyev bir qrup jurnalisti qəbul etmişdi və hərənin bir sual vermək imkanı vardı. Mən onda rəhmətlikdən soruşdum ki, Azərbaycana hakimiyyətə gəlməyinizin 30-cu ilidir. Soruşdum ki, hansı dövr daha çətindir. Cavab verdi ki, indiki dövr daha çətindir, amma qat-qat şərəflidir. Biri var suveren olmayan hansısa bir quruluşu idarə edirsən, biri də var hansısa bir suveren quruluşun başında durursan və qərarları ancaq özün verirsən. Yəni ölkənin taleyi sənin əlindədir. Yəni nəyisə edib-etməmək barədə kimdənsə icazə almırsan.
Düşünürəm ki, sözügedən şəxslərin müqayisəsinə ehtiyac yoxdur. Hərəsinin öz çəkisi və səviyyəsi vardı. Biri o birisinin səviyyəsinə yaxın dura bilməzdi.
- Bir verilişdə sizə belə sual verildi: - Labrintdəsiniz, qarşınızda iki yol var. Bir yolun başında sizi Heydər Əliyev, digərində isə Əbülfəz Elçibəy gözləyir. Siz hansı yolu seçərsiniz? Siz də cavab verdiniz ki, heç birini seçmərəm və mən elə atam İsmayıl Şıxlının yolundayam və o yolla davam edirəm. Bu gün İsmayıl Şıxlı yolunu davam etdirə bilirsinizmi və bu yolda addımlamaq sizin üçün çətin deyil ki?
- Çətindir, amma şərəflidir. Bu mənada ki, hərənin öz yolu var. İdeal kimi hər bir övlad öz atasının başını dik tutması üçün əlindən gələni etməlidir. Biz valideynlərimizi təkrar edirik, amma başqa səviyyədə, başqa şəraitdə və başqa mühitdə.
Bəli, çətindir. Hətta necə deyim, bir çox hallarda alınmır, bəlkə də. Amma insan gərək özü üçün düz bildiyi yoldan sapmasın.
Jurnalistika darmadağın edilib, kimin ağlı nə kəsir, onu da yazır
- Bir zamanlar sizə və “Ayna”-“Zerkalo” qəzetlərinə “hücumlar” vardı, ən müxtəlif yollarla qəzetin bütün iqtisadi, siyasi və plüralist “vena”sını qurutmağa çalışırdılar və buna haradasa nail oldular. Sizdən və “göz bəbəyiniz” kimi qoruduğunuz, sevdiyiniz qəzetlərinizdən nə istədilər, nə istəyirdilər?
- O zaman rəhbrəlikdə - təbii ki, ali rəhbərliyi nəzərdə tutmuram - ideoloji məsələlərə baxan adamlar sovetin tör-töküntüləri və sovet düşüncəsindən kənara çıxa bilməyənlər idi. Onlar tənqidlə təhqiri, sözün düzü ilə əyrisini ayırd edə bilmirdilər. Daha doğrusu ayırd edirdilər, amma özləri düz yox, əyri olduqlarına görə düz sözü sinirə bilmirdilər. Ona görə də mətbuatı demək olar ki, yerlə yeksan etmişdilər.
İndi də bir çox hallarda oxucu, dinləyici və ya tamaşaçıların ənənəvi KİV-lərdən qaçıb, sosial şəbəkələlərdə sarsaq-sarsaq şeyləri izləmələri və ya oxumalarının əsasını məhz həmin adamlar qoymuşdular. Çünki oxucu inanmadığı media quruluşunu izləmir. Düzdür, bunun obyektiv və subyektiv məqamları da var. Texnoloji cəhətdən inkişaf etmiş platformalar əmələ gəlib, amma bunun əsas məqamlarından biri də bayaq vurğuladığım məqamdır. Platformanın mövzusu, kontenti olmalıdır. Yazının içində bir şey yoxdursa, onu heç kim oxumayacaq.
Televiziyalarımızı ağır duruma saldılar. Axırda özləri də gileyləndilər ki, efirə bayağı verilişlər verilir. Bunu siz etdiniz də. İndinin özündə də millətin zövqünə çəki-düzən verə bilmirik.
Mənasız və sarsaq xəbərlərə baxan çoxdur. Düzdür, yüngül xəbərləri dünyanın hər yerində çox izləyirlər, amma bu heç də o demək deyil ki, biz işimizi, fəaliyyətimizi o cür xəbərlərin üzərində qurmalıyıq.
Bir misal deyim. İngiltərədə “sarı mətbuat” olan “The Sun” qəzetinin tirajı məşhur “Financial Times” qəzetindən 2-3 dəfə çoxdur. Amma “Financial Times” bir məqaləsi ilə Böyük Britaniya baş nazirini istefaya göndərəcək səviyyədə olan qəzetdir. Bizdə heç o “The Sun”ın da səviyyəsi yoxdur, çünki o, “sarı mətbuat” olsa da, peşəkar yazır.
Bizdə peşəkarlıq səviyyəsində də problemlərimiz çoxdur. Yəni jurnalistlərimiz var, amma informasiya mənbəyinə çatacaq qədər peşəkar jurnalistimiz yoxdur. Jurnalistika darmadağın edilib. Kimin ağlı nə kəsir onu da yazır.
- KİVDF-dən “miras qalmış” çala-çuxurları, bir az da tünd ifadə etsək, yarğanı MEDİA doldura bilirmi?
- MEDİA çalışır. Çala-çuxurlar o qədərdir ki, onu birdən-birə düzəltmək çox çətindir, hələ ki, mümkün deyil.
Boynumuza almayıq ki, vəziyyət gərgindir
- Bir az da siyasi proseslərdən danışaq. Bu yaxınlarda Amerika və Ermənistan arasında strateji tərəfdaşlığa dair sənəd imzalandı. Bunun Azərbaycana neqativ təsirləri nədən ibarət ola bilər?
- Birincisi, boynumuza almayıq ki, vəziyyət gərgindir. Bu, yalnız Azərbaycanla bağlı deyil, Yaxın Şərq, Suriya hadisələri və Rusiya-Ukrayna müharibəsini nəzərdə tuturam. Dünyaya yenidən çəki-düzən vermək istəyirlər. Bu mənada ki, yeni güclər əmələ gəlir, regional güclər artır. Təbii ki, Türkiyənin rolu artmaqdadır, türkə olan nifrət bizim də üstümüzə gəlib çıxır. Biz də türkük, Türkiyənin qardaş və tərəfdaşıyıq.
Amerika və Ermənistan arasında strateji tərəfdaşlığa gəlincə, deyim ki, bunu o qədər də ciddiyə almıram. Strateji tərəfdaşlığı ölkə başçıları imzalayır və onun yanında da 20-30-a yaxın dövlətlərarası müqavilələr paraflanır. Amerika və Ermənistan arasında strateji tərəfdaşlığa dair sənədi xarici işlər nazirləri imzaladılar. Bunun parlamentdə təsdiqolma qüvvəsi yoxdur.
Digər məqam odur ki, buna getməkdə olanda yox, artıq getmiş Bayden administasiyasının nümayədəsi imza atıb. Düzdür, onlar müqavilələrə, qanunlara ümumən riayət edirlər. Amma bu heç də o demək deyil ki, biz ürəyimiz tutmalıyıq ki, görəsən nə oldu. Heç bir şey olmayıb. Rusiyanın hərbi bazaları hələ də Ermənistandadır.
- Yekun sülhün imzalanması və Zəngəzur dəhlizinin açılması niyə ertələnir?
- Bəziləri iddia edirlər ki, Fransa və Amerika başda olmaqla onlar Zəngəzur dəhlizinin açılmasını və yekun sülhün imzalanmasını istəmirlər, amma deyim ki, onlar da istəyirlər. Sadəcə olaraq, Azərbaycanın onların sözü ilə oturub-durmadığını sinirə bilmirlər. Azərbaycanın rəhbəri İlham Əliyev mustəqil siyasət yürüdür. Çalışırlar ki, Azərbaycanı kiminsə quyruğuna bağlasınlar, amma alınmır. Gah qışqırılar ki, Azərbaycan Rusiyanın yanındadır, gah deyirlər ki, Amerikanın tərəfdarıdır, gah bildirirlər ki, Türkiyəsiz Azərbaycan heç nədir.
Amma Azərbaycan tarazlaşdırılmış, müstəqil və gerçəkliyə uyğun xarici siyasət yürüdür. Azərbaycan suveren ölkədir, müstəqildir. Azərbaycan 30 ildən artıq davam edən istilaya son qoyaraq, öz torpaq bütövlüyünü bərpa edib. Bu müstəqilliyi, ərazi bütövlüyünü qorumaq fikrindədir və qoruyacaq da. Əlbəttə, bu, asan iş deyil, ölkəmizin müstəqil siyasət yürütməyini istəməyənlər çoxdur.
Sərnişin təyyarəmiz Rusiya hava məkanında vurulanda hamı, hətta “boğazımızdan kəsib”, humanitar köməklik göstərdiyimiz Ukrayna belə iddia edirdi ki, Azərbaycan Rusiyanın tərəfdarıdır. Amma biz tərəfdar deyilik, biz gerçək siyasət aparırıq. Gerçəklik də ondan ibarətdir ki, sərnişin təyyarəmizi vurublar. Buna görə də Azərbaycandan üzr istənilməlidir, ancaq istənilmir.
Azərbaycan prezidenti müsahibələrində həqiqəti söyləyir, başqa söz demir, heç kimi təhqir etmir, kiminsə ünvanına artıq söz işlətmir. Ağa ağ, qaraya da qara deyir. Bunu da heç kim sinirmir. Ən əsası onu yadda saxlamalıyıq ki, sakitliyin olmağını Qərb də istəyir, amma çalışır ki, bu sakitlik onun nəzarəti altında gerçəkləşsin. Azərbaycan isə özünü müstəqil aktor kimi aparır. Azərbaycan müstəqil ölkədir, öz mənafe və mövqelərini qorumağa hazırdır.
Aydın Baxış