"Azərbaycanın Qarabağda yaşayan ermənilərə humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif etməsi beynəlxalq normalara və ölkəmizin qanunlara əsaslanır".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, Qarabağ Azərbaycanın suverən ərazisidir və bu əraziyə kənar dövlətdən yüklərin daşınması yolverilməzdir: "Buna son qoyulmalıdır. Digər tərəfdən, Qırmızı Xaç Komitəsi də humanitar daşımaları Ermənistana yox, Bakıya və ya digər ərazilərimizə təşkil etməlidir”.
Onun sözlərinə görə, Laçın yolu vasitəsilə Ermənistana daşımaların həyata keçirilməsi ölkəmizin suverən hüquqlarına ziddir. Ağdam-Xankəndi yolundan istifadə olunması Brüsseldə keçirilən görüş zamanı təklif edilib: “Təklifi Şarl Mişel də yüksək dəyərləndirib. Ağdam-Xankəndi yolunun istifadə olunması xalqlarımızın inteqrasiyası prosesini sürətləndirər və regiona sülh gəlişini tezləşdirər. Amma Ermənistan və onun havadarları xalqların inteqrasiyasına qarşıdır. Çalışırlar ki, Ağdam-Xankəndi yolu istifadə olunmasın. Ona görə də Rusiya sülhməramlıların təşkilatçılığı ilə Xankəndində aksiyalar keçirlir. Özünü saxta "prezident" adlandıran Araik Arutunyan da çadır qurub aksiyaçılara dəstək verdiyini ifadə edir”.

Azər Badamov: Bu yoldan humanitar məqsədlər üçün istifadə olunması inteqrasiya prosesini sürətləndirər
Maraqlıdır, ermənilər və sülhməramlılar Ağdam-Xankəndi yolundan humanitar məqsədlər üçün istifadə olunmasına qarşı niyə çıxır? Müsahibimizə görə, birincisi, bu yoldan humanitar məqsədlər üçün istifadə olunması inteqrasiya prosesini sürətləndirər və sülh müqaviləsinin imzalamaması üçün Ermənistanın başqa bəhanəsi qalmaz: “Digər yandan, Ermənistan və sülhməramlılar müharibə başa çatandan sonra Qarabağda 35 min erməninin yaşadığını bəyan etmişdi. Sonradan bu rəqəm süni şəkildə birdən-birə artırılaraq 120 minə qaldırıldı. Əslində Qarabağda 35 min erməni yaşamır. Ağdam-Xankəndi yolunun istifadəyə verilməsindən sonra ora daşınan humanitar yüklərin həcminə görə Qarabağda yaşayan erməni əhalisinin dəqiq sayını müəyyənləşdirmək mümkün olacaq. Bu da separatçıların və sülhməramlıların saxta məlumatlarını ifşa edəcək. Ona görə də onlar Ağdam-Xankəndi yolunun humanitar məqəsdlər üçün istifadəsinin əksinə çıxış edirlər".
Deputatın fikrincə, Ağdam-Xankəndi yolunun istifadəyə verilməsindən sonra sülhməramlıların təminatı da Ermənistandan yox, bu yol vasitəsilə Azərbaycandan həyata keçiriləcək: "Bu da Rusiyanın Cənubi Qafqazdakı maraqlarına uyğun gəlmir. Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, Ağdam-Xankəndi yolunun istifadə olunması ermənilərin və sülhməramlıların istəyindən asılı olmayaraq yaxın zamanlarda reallaşmalıdır. Çünki Laçın yolu vasitəsilə suverən Azərbaycan dövlətinin ərazisinə qonşu Ermənistandan həyata keçirilməsi həm beynəlxalq normalara, həm də Azərbaycan qanunlarına ziddir".
Aydın Baxış
















