• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ermənistan ABŞ və Avropanı Zəngəzur dəhlizinə cəlb etmək istəyir - Şərh

SİYASƏT

12 Iyun 2024 | 12:04

Ermənistan ABŞ və Avropanı Zəngəzur dəhlizinə cəlb etmək istəyir - Şərh

Ermənistan parlamentinin sədri Alen Simonyan Zəngəzur dəhlizi ilə bağlı sensasiya sayıla biləcək bəyanatla çıxış edib. Simonyan İrəvanın bütün yolları və kommunikasiyaları açmağa hazır olduğunu bildirib. O əlavə edib ki, əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər: "Amma düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər". Ermənistan parlamentinin sədrinin Zəngəzur dəhlizini nəzərdə tutduğu şübhəsizdir. Çünki məhz onun “3-cü dövlətin nəzarətinə verilməsi” məsələsi var. 10 noyabr 2020-ci il bəyanatına görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yola Rusiya FTX-nin Sərhəd Xidməti nəzarət etməlidir. Simonyan “düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər” sözləri ilə birbaşa bəyanatın bu bəndini və region ölkəsi olan Rusiyanı nəzərdə tutur. Yəni heç bir halda nəzarətin Rusiyaya verilməyəcəyini elan edir. Parlament sədri yola nəzarət üçün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin tərkibində müvafiq qurum yaradıldığını və bu qurumun məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirməklə yanaşı, təhlükəsizliyin təmini üçün "bir təşkilat" müzakirəsinə də açıq olduqlarını qeyd edir. Bəzi şərhçilərə görə, söhbət “Frontex” kimi tanınan təşkilatdan - Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyindən gedir. 

Politoloq Fuad Abbasov "Bakivaxti.az"a açıqlamasında deyib ki, Azərbaycanla danışıqlar prosesinə, əldə olunacaq hansısa anlaşmaya kənar ölkələri, hansısa beynəlxalq təşkilatı cəlb etmək Ermənistanın çoxdankı arzusudur. 

Ekspert vurğulayıb ki, hətta İrəvan ATƏT-in Minsk qrupunun yenidən prosesdə iştirakını təmin etmək üçün əlindən gələni edib: 

"Prezident İlham Əliyev Minsk Qrupunun gorbagor olduğunu açıq şəkildə bəyan etdikdən sonra Ermənistan həmsədrlik inistitutundan əlini birdəfəlik üzdü. Ancaq yenə də müxtəlif üsullara əl atmaqdan çəkinmədi. Ələlxüsus, Azərbaycanla şərti sərhədlərə kənar oyunçuları gətirmək üçün dəridən-qabıqdan çıxdı. İndi də çalışır ki, ABŞ və Avropa təmsilçilərini Zəngəzur dəhlizinə cəlb etsin. Simonyan "heç bir regional ölkə" dedikdə birmənalı Rusiyanı nəzərdə tutur. Çünki Rusiyanın dəhlizə nəzarət edəcəyi əvvəlcədən bəllidir və İrəvan hökumətinin başçısı buna imza atıb. Nəzərə alaq ki, sadəcə Gümrüdə yerləşən rus hərbi bazası sadəcə Zəngəzura deyil, bütün Ermənistana nəzarət edir. Belə olan təqdirdə rus hərbçilərinin əlavə olaraq Zəngəzura da nəzarəti heç nəyi dəyişmir. Sadəcə olaraq Simonyan presedent yaratmaq istəyir. Rusiyanı Qərb ölkəsi, təşkilatı ilə əvəzləmək niyyəti güdürlər. Əlbəttə, Bakının razılığı olmadan bunların reallaşması qeyri-mümkündür".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026