• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

ABŞ Ermənistandakı təlimləri ilə kim(lər)ə mesaj verir?

SİYASƏT

12 Iyul 2024 | 09:08 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ Ermənistandakı təlimləri ilə kim(lər)ə mesaj verir?

“ABŞ-nin Ermənistanla birgə təşkil edəcəyi "Eagle Partner 2024" təlimi Vaşinqtonun Cənubi Qafqazda "gövdə göstərisi"dir”.

Bunu Bakıvaxtı.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov ABŞ-nin iyulun 15-24-də Ermənistanla növbəti birgə "Eagle Partner 2024" təliminə hazırlığına münasibət bildirərkən deyib.

Ekspertin qənaətincə, ABŞ üç istiqamətdə bölgədə öz varlığını ortaya qoymağa çalışır:

"İlk növbədə Ermənistan hökumətinə və erməni cəmiyyətinə mesaj verir ki, ABŞ daim sizin yanınızdadır. Digər yandan Rusiyaya siqnal ötürülür ki, "biz artıq regiondayıq və sizi əvəzləyəcəyik".  Bir növ Rusiyaya meydan oxuyurlar. Həm də Rusiya-Ukrayna müharibəsi fonunda siyasi bazarlıq imkanları yaratmağa çalışırlar. Əlavə bir məqam da İranla bağlıdır. Qərbin, ələlxüsus ABŞ-nin İrana yanaşması və təzyiq siyasəti ortadadır. Məncə, əsas mesajlar bu istiqamətlərdədir".

Həmsöhbətimiz vurğulayıb ki, ABŞ-Ermənistan hərbi təlimləri Bakını yox, Moskva və Tehranı narahat etməkdədir:

"Nəzərə alaq ki, Azərbaycan və Ermənistan arasında son dönəmlər sabitlik hökm sürür və sülh danışıqları, müzakirələri davam etdirilir. Sərhədlərin delimitasiya və demarkasiya prosesi də gedir. Hətta bir sıra məsələlərdə artıq müəyyən razılaşmalar da var. Proseslər bir növ axara düşür. Yəni hələlik Bakını narahat edəcək ciddi məqamlar yoxdur. Xarici işlər naziri Ceyhun Bayramovun NATO sammitində iştirakını da nəzərə alsaq, Azərbaycanın ABŞ ilə gərgin münasibətdə olmaması da aydın olar. O səbəbdən düşünürəm ki, siqnallar birbaşa qonşu Rusiya və İranadır. Bu mesajı verməklə həm də demək istəyirlər ki, ABŞ olmadan regionda İrəvanla dil tapa bilməyəcəksiz".

Qeyd edək ki, ABŞ Ermənistanla növbəti birgə "Eagle Partner 2024" təliminə hazırlaşır. Rusiyalı hərbi analitik Vladimir Yevseyevin sözlərinə görə, bu xəbər böyük ehtimalla Moskvada heç kimi təəccübləndirməyib, xüsusən də bu cür hərbi təlimlərin Ermənistan-ABŞ formatında keçirilməsi ilk dəfə deyil. O qeyd edib ki, bu, hərbi qulluqçulara çox spesifik bacarıqlar verən o qədər də ciddi təlimlər deyil. Ekspert hesab edir ki, Qərb modelləri, xüsusən də ABŞ modelləri ilə tanışlıq oxşar hərbi təlimlər vasitəsilə baş verir. Yevseyev bildirib ki, bunların böyük geosiyasi mənası və məzmunu var: “ABŞ təbii ki, Ermənistanın bu regionda onun tərəfdaşı olduğunu göstərməyə çalışır. Ermənistanla bağlı məsələdə təbii olaraq maraqlısı odur ki, KTMT üzvü olan ölkə ABŞ ilə hərbi təlimlər keçirir, ABŞ isə Ukrayna müharibəsində əsas KTMT üzvü olan Rusiyaya rəqibdir”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026