Ermənistan son aylarda növbəti siyasi canlanma mərhələsinə qədəm qoyub. Həbsdə olan rusiyalı erməni milyarder Samvel Karapetyanın “Öz yolumuz” adlı hərəkatı cəmiyyətin diqqətini yenidən oliqarx siyasətinə yönəldib.
Siyasi proseslərdə din xadimlərinin, keçmiş prezidentlərin və iqtisadi elitanın aktivləşməsi, Ermənistanın daxili mübarizəsini daha da mürəkkəbləşdirir. Artıq görünür ki, bu hərəkat təkcə Paşinyan hökumətinə qarşı deyil, həm də ölkənin gələcək siyasi modelini müəyyən edəcək yeni güc balansının başlanğıcı ola bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, əslində, bu hərəkat xalq təşəbbüsündən çox, siyasi kapitalın qorunması cəhdidir. Karapetyan uzun illərdir Ermənistanda iqtisadi və mediaya təsir imkanlarına malikdir və indi bu resursları siyasi platformaya çevirmək istəyir. O, həbsdə olsa da, hərəkatı uzaqdan idarə etməsi Kremlin dəstəyi ilə baş verir kimi görünür:
“Xalqın sosial narazılığından istifadə etməklə, özünü “alternativ lider” kimi təqdim etmək istəyir. Amma bu, yeni ideologiya deyil, köhnə güc mərkəzlərinin “təhlükəsizlik klanı”nı qoruma planıdır. Ermənistanda bu cür “xalq hərəkatları” çox vaxt elitanın maraqlarını ört-basdır edən mexanizm rolunu oynayır”.
Ermənistanın daxili siyasi sistemində rusiyalı erməni oliqarxların təsirindən danışan politoloq qeyd edib ki, Rusiyada fəaliyyət göstərən erməni biznesmenlər uzun illərdir İrəvan siyasətinə maliyyə və media vasitəsilə yön verirlər. Onlar Ermənistanı iqtisadi cəhətdən Moskvadan asılı vəziyyətdə saxlamaq üçün “yumşaq güc” rolunu oynayır. Karapetyan, Abramyan, Tsarukyan kimi adlar bu sistemin simvoludur. Müsahibimizin sözlərinə görə, Paşinyan hökumətinin qərbyönlü xətti gücləndikcə, bu oliqarxlar öz iqtisadi imperiyalarını itirmək qorxusu ilə hərəkətə keçiblər:
“Bu, sadəcə siyasi mübarizə deyil -iqtisadi təsirin bölünməsi uğrunda savaşdır. Belə şəraitdə, oliqarxların hərəkat yaratmaqla siyasi proseslərə yenidən müdaxiləsi təəccüblü deyil”.
Züriyə Qarayeva: Cəmiyyət ideoloji dəyişiklik dövrünə qədəm qoyub, köhnə şüarlarla idarə olunmaq istəmir
Z.Qarayeva bildirib ki, Paşinyan artıq “hərbi-siyasi revanşizmlə” deyil, “iqtisadi və dini revanşizmlə” qarşı-qarşıyadır. Ona görə də bu dəfə qarşı strategiya yalnız hüquqi deyil, həm də ideoloji olmalıdır. Dediyinə görə, o, dövlət idarəçiliyində şəffaflığı artırmaqla və sosial layihələri gücləndirməklə xalq dəstəyini qorumağa çalışır:
“Amma bu, kifayət etməyə bilər, çünki informasiya manipulyasiyası və kilsə üzərindən təzyiq imkanları hələ də güclüdür. Paşinyan komandası ölkədəki rusiyayönlü iqtisadi şəbəkələri tədricən zəiflətməyə çalışır. Əks halda, “Öz yolumuz” kimi hərəkatlar növbəti seçkilərdə ciddi siyasi alətə çevrilə bilər”.
Ermənistanın gələcək siyasi mənzərəsində bu tip oliqarx hərəkatlarının rolunun qalıcı olub-olmayacağına gəlincə, politoloqa görə, yəqin ki, qısamüddətli təsir göstərəcəklər, amma uzunmüddətli uğur qazanmaları real deyil. Çünki Ermənistan cəmiyyəti artıq ideoloji dəyişiklik dövrünə qədəm qoyub və köhnə şüarlarla idarə olunmaq istəmir. Gənc nəsil iqtisadi azadlıq, regional əməkdaşlıq və real islahatlar tələb edir. Oliqarxlar isə bu dəyərləri təmsil etmir, onlar sistemin qalıqlarıdır”.
“Yeganə fərq odur ki, indi bu sistem özünü “hərəkat” adı altında gizlədir. Ermənistan siyasətinin gələcəyi cəmiyyətin bu manipulyasiyaları nə qədər tez dərk etməsindən asılı olacaq”.
Zülfü Məmmədov