• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Fars rejimi Cənubi Azərbaycan adının çəkilməsindən qorxur - AÇIQLAMA

SİYASƏT

04 Dekabr 2023 | 17:03

Fars rejimi Cənubi Azərbaycan adının çəkilməsindən qorxur - AÇIQLAMA

Təbriz İranın böyük şəhərləri arasında xarici turistlərin ən az səfər etdiyi şəhərlərdən birinə çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Təbriz Universitetinin Coğrafiya və şəhərsalma fakültəsinin müəllimi, turizm üzrə araşdırmaçı Rəhim Heydəri deyib.

Təbrizdə turizmin iflasa uğradığını deyən Heydəri bunu turizm sahəsində lazımi işlərin aparılmaması və Təbrizin turizm imkanlarının tanıtdırılmaması ilə əlaqələndirib: “Hər cür əhəmiyyətli və unikal turizm imkanlarına malik qədim Təbriz şəhərinin Tehran, Məşhəd, İsfahan və Şiraz şəhərlərindən geri qalması, ölkəyə gələn xarici turistlər üçün gediləsi ən sonuncu yer olması faktı göstərir ki, bu sahədə iş aparılmayıb”.

Qeyd edək ki, İranın aparıcı turizm şirkətləri, hökumətə bağlı əlaqədar qurumlar kataloq və reklam nəşrlərində Tehran, Şiraz, İsfahan, Məşhəd, Yəzd, Kaşan və başqa şəhərlərdən fərqli olaraq, Təbrizə yer vermirlər.

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a deyib ki, İran fars rejimi Cənubi Azərbaycan adının çəkilməsindən elə qorxur ki, nəinki onun əhalisinə, hətta coğrafi məkanlarına, abidələrinə, mənəviyyatına belə düşmən kəsilir.

Ekspert diqqətə çatdırıb ki, Urmu gölünün başına gətirilənlər göz önündədir: "Cənubi Azərbaycan şəhərləri məqsədli şəkildə inkişafdan geri saxlanılır, vəsait ayrılmır. Tehran rejimi turizmin həmin ərazinin əhalisinə bir çox müsbət qazancları olacağını bildiyi üçün o əraziləri bundan məhrum edir. Bu, açıq-aşkar azərbaycanlı əhaliyə qarşı olan dözümsüzlüyün, nifrətin nümunəsidir”.

Müsahibimiz hesab edir ki, Azərbaycan dövləti bu iradları İran rəsmilərinə çatdırmalıdır. Onun sözlərinə görə, bu faktların yolverilməz olduğu qəti şəkildə onların qarşısında qoyulmalıdır ki, soydaşlarımızın taleyinin bizim üçün çox əhəmiyyətli olduğu hiss edilsin.

“Eyni zamanda Təbriz və azərbaycanlılar yaşayan digər ərazilərin təqdimatı bizim tərəfimizdən gücləndirilməli, xarici ölkə insanlarının diqqətinə təklif edilməlidir. Çalışmaq lazımdır ki, İrana səyahət etmək istəyən əcnəbi turistlər fars rejiminin təqdim etməməsinə baxmayaraq, bizim tərəfdən təqdim edilən ərazilərə də səfərlər reallaşdırsanlar", - deyə Azər Qasımov qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024