“Həbsxanada İsrail qüvvələrinin döyməsi nəticəsində huşunu itirənlər olurdu”.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İsrail və HƏMAS arasında əldə edilən əsir mübadiləsi razılaşması çərçivəsində azad olunan fələstinli Muhammed Nezzal deyib.
İordan çayının qərb sahilinin Cenin şəhərinin Kabatiye qəsəbəsində 3 ay əvvəl həbs olunan və 6 aylıq "inzibati həbs" qərarı verilən Nezzal məhbus mübadiləsi razılaşması çərçivəsinə dördüncü qrupda sərbəst buraxıldıqdan sonra danışıb.
İsrail güclərindən aldığı işgəncələrə görə bədənində sınıqlarla evə qayıdan Nezzal İsrail qüvvələrinin davamlı olaraq kameralara basqın etdiyini və məhbusları döydüyünü bildirib: "Bir dustaq var idi, döyüldükdən sonra huşunu itirdi. Palatadan çıxardılar, məncə ölmüşdü, amma nə olduğunu öyrənə bilmədik. İşğalçılar bizə vəhşicəsinə hücum edirdilər, bəzilərini huşunu itirənə qədər döyürdülər, bəziləri işgəncənin şiddətindən ağlayırdı”.
Özünün də barmağının sındığını, əlində və bədəninin müxtəlif yerlərində qançırlar olduğunu bildirən Nezzal həbsxanadakı son bir ayı 20 il kimi hiss etdiyini qeyd edib.
Xatırladaq ki, İsrail və HƏMAS arasındakı münaqişələrdə 4 günlük "humanitar fasilə" ilə bağlı razılaşma noyabrın 24-ü cümə günü saat 07:00-da qüvvəyə minib.
Razılaşmaya əsasən, HƏMAS-ın saxladığı 50 israilli məhbusun müqabilində İsrail həbsxanalarında olan 150 fələstinlinin azadlığa buraxılması barədə razılıq əldə olunmuşdu. Qətər Xarici İşlər Nazirliyi dünən Qəzzada "humanitar fasilə"nin 2 gün daha uzadıldığını açıqlamışdı.
HƏMAS və İsrail arasında əldə olunan razılaşma çərçivəsində son 4 gündə Qəzza zolağından 50 israilli qadın və uşaq, İsrail həbsxanalarından isə 150 fələstinli qadın və uşaq məhbus azad edilib.
Ay Tac