“Dövlət və özəl qurumlara qarşı kiber hücumları və fərdi məlumatların oğurlanmasını gizlətmək mümkün olmayacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, qurumlar bu haqda dərhal DTX-ya məlumat verməlidir:
“Adətən kiber hücuma məruz qalan, dataları ələ keçirilən dövlət və özəl qurumlar baş verənlərlə bağlı məlumatları açıqlamırlar. Və ya yalan məlumatlar verirlər. Elə bir müddət öncə İcbari Sığorta Bürosuna qarşı kiber hücum nəticəsində DTX, DİN, Ədliyyə Nazirliyinə, hətta bəzi nazirlərə, tanınmışlara məxsus məlumatlar ələ keçirilmiş və sosial mediada yerləşdirilmişdi. İcbari Sığorta Bürosu isə açıqlama verərək belə bir halın baş vermədiyini bildirmişdi. Adıçəkilən qurumun informasiya sistemləri ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hər hansı audit aparmamışdı, çünki belə bir səlahiyyəti də yox idi”.
Forum rəhbərinin sözlərinə görə, artıq bu tip halları gizlətmək mümkün olmayacaq:
“Bir neçə gün bundan öncə Prezident “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna kibertəhlükəsizliklə və kritik informasiya infrastrukturu ilə bağlı edilmiş dəyişiklikləri təsdiq edib və onun tətbiqi ilə bağlı fərman imzalayıb. Yeni dəyişikliklərə görə kritik informasiya infrastrukturu subyektləri onlara məxsus olan kritik informasiya infrastrukturuna qarşı kiberhücumlar və cəhdlər barədə məlumatları səlahiyyətli quruma, DTX-ya təqdim etməlidirlər. Yeni qaydalara görə, DTX-nın müəyyən etdiyi qurum kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı subyektlərə metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və məcburi İT auditin keçirilməsini təmin edəcək. İndiyədək mövcud olan qaydalara görə audit könüllü idi”.
O.Gündüz xatırladıb ki , yeni qaydalara görə kritik infrastruktura özəl sektor da daxil ediləcək:
“Yəni, kritik infrastruktura daxil olan özəl qurum da özlərinə qarşı olan hücumlar və datanın ələ keçirilməsi haqqında məlumatları DTX-ya təqdim etməlidirlər. Son zamanlar ölkəmizdə kiber ekosistemin inkişafı istiqamətində səylər xeyli gücləndirilib. Qısa zamanda bir neçə hüquqi aktlar, Prezident fərmanları qəbul edilib, dövlət qurumalrı arasında səlahiyyətlər konkretləşib. Xüsusilə də DTX bu istiqamətdə daha çox aktivlik göstərir. Bir müddət bundan öncə qurumun təşəbbüsü ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası da yaradılıb. DTX bütün maraqlı tərəfləri AKTA ictimai qurumu ətrafında birləşməyə çağırıb”.
O.Gündüz onu da deyib ki, sektorda kadr təminatının yaxşılaşdırılması üçün də ciddi addımlar atılır:
“Ötən gün AzTU Elmi Şurasının qərarı ilə bu təhsil müəssisəsində Kibertəhlükəsizlik üzrə yeni Kafedra yaradılıb. RİNN-in Elektron Təhlükəsizlik Xidməti isə İsrailin təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yaradılması və onların dəstəyi ilə kadrların hazırlanması işlərinə start verib. Yeri gəlmişkən, 4 il bundan öncə hazırlanmalı olan “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə Milli Strategiya” da indiyədək təsdiqlənməyib. Azərbaycan ötən il kibertəhlükəszilik üzrə beynəlxalq reytinqdə (National Cyber Security İndex) geriləyib”.
Nuranə Daxilqızı
















