• Bakı 27° C

    11.1 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Gecikmiş ədalət: 907-ci düzəlişin sonu çatır

SİYASƏT

08 Avqust 2025 | 15:38

Gecikmiş ədalət: 907-ci düzəlişin sonu çatır

ABŞ prezidenti Donald Tramp 1992-ci ildə qəbul edilmiş və Azərbaycana dövlət yardımını məhdudlaşdıran “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması barədə qərar imzalayacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bu mühüm sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı - avqustun 8-də rəsmiləşdiriləcək. Azərbaycan və ABŞ liderləri arasında qurulan strateji tərəfdaşlığın növbəti göstəricisi sayılan bu addım, üç onillikdən artıq müddətdə qüvvədə olan bir haqsızlığı aradan qaldıracaq.

Xatırladaq ki, ABŞ Konqresi 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda, rəsmi Bakının guya Yerevana “blokada” tətbiq etdiyi iddiası ilə Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi qəbul etmişdi. Sonrakı illərdə bir sıra ABŞ prezidentləri bu düzəlişin icrasını müvəqqəti olaraq dayandırsa da, Co Bayden administrasiyası onu yenidən gündəmə gətirərək Azərbaycana siyasi təzyiq vasitəsinə çevirməyə çalışmışdı. 30 ildən çoxdur ki, 907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərində “görünməz divar” rolunu oynayıb. Onun formal qüvvədə qalması, əməkdaşlıq üzərində daim asılı qalan bir siyasi kölgəyə çevrilib.

Deputat Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, 907-ci düzəlişin qəbul olunması Azərbaycana qarşı olduqca ədalətsiz bir qərar idi. Onun sözlərinə həmin dövrdə Azərbaycan haqq sözünü çatdırmaq imkanında deyildi:

“Sonrakı dövrdə bir sıra mühüm hadisələr yaşandı. Azərbaycan Qərb dövlətləri ilə neft kontraktları imzaladı və nəticədə ABŞ ilə münasibətlər yaxşılaşdı. Lakin 907-ci düzəliş yenə də qüvvədə qalmaqda idi. ABŞ Əfqanıstanda anti-terror əməliyyatlarına başladıqdan sonra Ağ Evin Azərbaycana ehtiyacı yarandı. Çünki Əfqanıstana daşınmalar tranzit ölkələr kimi Türkiyə, Gürcüstan və Azərbaycan vasitəsilə həyata keçirilirdi. O zaman ABŞ-nin prezidenti C.Buş qərar verərək 907-ci düzəlişi müvəqqəti qüvvədən saldı. Vurğulandı ki, ABŞ prezidenti istədiyi halda, yəni zəruri halda 907-ci düzəlişi qüvvədən sala bilər”.

Müsahibimiz xatırladıb ki, 2020-ci ilədək hər il prezidentlər həmin düzəlişi qüvvədən salırdılar:

“Ötən dövr ərzində Azərbaycana yarım milyard dollarlıq müxtəlif hərbi avadanlıqlar verilmişdi. ABŞ tərəfindən Qazaxıstana, Azərbaycana, Türkmənistana hərbi yardım edilmişdi ki, Xəzərdə təhlükəsizlik təminatı həyata keçirilsin".

Rasim Musabəyov: Ədalətsiz düzəlişin saxlanması Azərbaycana qarşı münasibətin təzahürü idi

Parlament üzvü vurğulayıb ki, Co Bayden hakimiyyətə gəldikdən sonra ABŞ Əfqanıstandan tələm-tələsik çıxdı, dərhal 907-ci düzəliş yenidən qüvvəyə mindi:

"Bayden bu düzəlişin qüvvədən salınması ilə bağlı Konqresə müraciət etmədi. Biz də bundan nəticə çıxartdıq. İndi baxmayaraq ki, Əfqanıstan məsələsi yoxdu, Tramp administrasiyası 907-ci düzəlişin ləğvinə dair hazırlıq görür”.

Musabəyov vurğulayıb ki, Azərbaycan indi kifayət qədər güclüdür və ABŞ-nin 30-50 milyon dollarlıq yardımlarına ehtiyacı yoxdur. Sadəcə olaraq Azərbaycana verilmiş hərbi avadanlıqların modernizasiyasına, ehtiyat hissələrinin dəyişməsinə ehtiyac yarana bilər:

“Həmçinin, bu prosesin siyasi yükü də var. Ədalətsiz düzəlişin saxlanması Azərbaycana qarşı münasibətin təzahürü idi".

Aydın Baxış


SON XƏBƏRLƏR