Batumidə və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycan yük maşınları saxlanılır.
Bakıvaxtı.az xəbər verir ki, tır sürücülərindən biri Arslan Kərimovun "Report"un Gürcüstan bürosuna bildirdiyinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır:
"Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçirlər. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi".
A.Kərimovun sözlərinə görə, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.
Onun sözlərinə görə, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.
Azərbaycanın Batumidə Baş konsulluğundan "Report"a bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.
Azərbaycanın Gürcüstandakı səfirliyindən isə məlumat verilib ki, onlara yazılı ərizə ilə müraciət ediblər və onlar da bu işlə məşğuldurlar.
Bakı 



