Gürcüstanda əhalinin 6,8 faizi üçün ana dili Azərbaycan dilidir.
Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bu, Gürcüstanın Milli Statistika Xidmətinin (Sakstat) açıqladığı 2024-cü il əhalinin siyahıyaalınmasının nəticələrində yer alıb.
Siyahıyaalınmanın nəticələrinə əsasən, Gürcüstan əhalisinin 85 faizi üçün gürcü dili ana dilidir. Ölkə əhalisinin 82 faizini, yəni 3 milyon 223 min nəfərini pravoslav xristianlar təşkil edir. Son 10 ildə onların sayı 4,1 faiz və ya 126 min nəfər artıb.
Ölkədə daimi yaşayan müsəlman əhalinin payı isə 11,1 faizdir. Ölkədə erməni dili əhalinin 3,5 faizində, rus dili isə əhalinin 1,4 faizində ana dili hesab olunur. Əhalinin 6,8 faizi üçün ana dili Azərbaycan dilidir.
Qeyd edək ki, bu göstəricilər 2024-cü ildə keçirilmiş ümummilli əhalinin siyahıyaalınmasının yekun nəticələri əsasında hazırlanıb.
Gülşən Şərif
Bakı 



