Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün axşamdan ayın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bəs havanın temperaturunun kəskin dəyişməsi hansı xəstəliklərə yol açır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-terapevt Şahvələd Məmmədov virusların demək olar ki, hər zaman aktivləşdiyini, havaların birdən soyuması ilə əlaqədar müəyyən xəstəliklərin, o cümlədən, tənəffüs yolları xəstəliklərinin yayılmasının qaçınılmaz olduğunu bildirib:
"Havaların kəskin dəyişməsi virus infeksiyaların daha da aktivləşməsinə yol açır. Hətta infeksiyalar ağırlaşaraq pnevmaniya, bronxit və digər ağır xəstəliklərə çevrilə bilər. Bu isə ən çox yaşlı insanlarda, uşaqlarda, xroniki xəstəliyi olan insanlarda müşahidə oluna bilər”.
Şahvələd Məmmədov: Havanın kəskin dəyişməsi meteohəssas insanlara təsir edir
Terapevt qeyd edib ki, hava şəraitinin kəskin dəyişməsinin meteohəssas insanlara da təsir edir. Onun sözlərinə görə, həva şəraiti kəskin dəyişərkən atmosfer təzyiqi də kəskin dəyişir, bu da insan səhhətinə mənfi təsir edən birinci faktordur. Atmosfer təzyiqinin kəskin enməsini isə daha çox ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar hiss edir.
Həkim tövsiyə edib ki, xəstəliyi olan-olmayan hər bir kəs havanın temperaturunun birdən dəyişməsi zaman ehtiyatlı olmalı, özlərini qorumalıdır:
“Ölkəmizin, o cümlədən, paytaxt Bakının iqlimini nəzərə alsaq, bir qədər şaxtanında bu hava şəraitinə qoşulması müəyyən xəstəliklərə gətirib çıxara bilər. Qalın deyinməli, papaq, əlcək kimi geyimlərdən istifadə etməliyik. Bol meyvə-tərəvəzlə, süd məhsulları ilə qidanlanmalıyıq”, -deyə Ş.Məmmədov bildirib.
Nuriyyə Musayeva