• Bakı 24° C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Həbsdə olan şəxslərin hüquqları ilə bağlı qanuna dair şərhin təqdimatı keçirilib

CƏMİYYƏT

09 Iyul 2025 | 16:31

Həbsdə olan şəxslərin hüquqları ilə bağlı qanuna dair şərhin təqdimatı keçirilib

Hüquq və İnsan Haqları İnstitutu tərəfindən “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın təqdimatı təşkil edilib.

Bu barədə Bakıvaxtı.az-a İnstitutdan məlumat verilib.

Tədbirin açılışında institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib ki, ölkəmizdə insan hüquq və azadlıqları sahəsində maarifləndirmə institutun qarşısında duran əsas prioritetlərdən biridir. Bu istiqamətdə atılan addımlardan biri kimi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 50 maddəsi institut tərəfindən şərh olunaraq praktiki vəsait kimi hazırlanıb. O qeyd edib ki, bu şərh həbsdə olan şəxslərin hüquqlarının qorunması sahəsində mövcud hüquqi mexanizmlərin daha dolğun anlaşılmasına və beynəlxalq standartlarla uzlaşan hüquqi təcrübənin formalaşmasına xidmət edəcək. Sədr, eyni zamanda, institutun son illərdə hüquq icması və geniş əhali üçün hazırladığı müxtəlif məhsullar - virtual kitabxana, məqalə və hüquqşünas-alimlərin bazası, PASS Platforması və s. barədə ətraflı məlumat verib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Strateji planlaşdırma və monitorinq idarəsinin rəisi, ədliyyə polkovniki Vüqar Abışov bildirib ki, Penitensiar xidmət insan hüquqlarının müdafiəsi və beynəlxalq standartların tətbiqinə, eləcə də hüquqi maarifləndirməyə xüsusi önəm verir. Xidmət əməkdaşlarının hüquqi biliklərinin artırılması, təlimlərin mütəmadi keçirilməsi və onların hüquqi ədəbiyyatla təminatı daim diqqət mərkəzində saxlanılır. O, institutun da bu istiqamətdə apardığı məqsədyönlü fəaliyyəti, xüsusilə bu cür önəmli mövzuda nəşrin hazırlanaraq peşəkar auditoriyaya təqdim olunmasını təqdirəlayiq hesab edib.

İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova kommentariya barədə ətraflı məlumat verib, şərhin beynəlxalq sənədlərə və məhkəmə qərarlarına əsaslandığını, həmçinin kitabda azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarına hörmət və müvafiq beynəlxalq standartların əsas götürüldüyünü vurğulayıb.

Təqdimatda iştirakçıların kommentariyada qaldırılan məsələlər ətrafında apardıqları müzakirələr mövzunun daha geniş və əhatəli şəkildə anlaşılmasına imkan yaradıb.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfəddin İbayevin redaktorluğu ilə hazırlanan 625 səhifəlik bu kitab Penitensiar xidmət əməkdaşları, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquqşünaslar və ali məktəblərin Hüquq fakültələrinin tələbələri üçün faydalı vəsaitdir.

Tədbirdə Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının nümayəndələri, hüquqşünas-alimlər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak ediblər.


SON XƏBƏRLƏR

09 Iyul 2025