"Qəzaya uğramış təyyarəmizin pilotları havada olarkən təyyarəyə nəsə dəydiyini, zərbə aldığını hiss edirlər. Əlbəttə, həmin anda pilotlar təyyarənin zenit-raket sistemləri ilə vurulduğunu bilə bilməzdilər”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.
“Havada təyyarəyə nə dəyə bilərdi axı? Ya quş olmalıydı, ya da ildırım. Kərpic dəyəsi deyildi ki?” deyən deputat bildirib ki, ona görə də pilotlar dispetçerlə danışarkən zərbə aldıqlarını və bunun quş dəstəsi ilə toqquşma ola biləcəyini ehtimal edirlər.
Müsahibimiz qeyd edib ki, nəticə o oldu ki, təyyarə idarəetməni itirirdi və belə olan bütün beynəlxalq havaçılıq qaydalarına görə qəzalı təyyarəyə mütləq şəkildə ən yaxın hava limanına təcili eniş icazəsi verilməliydi:
"Ancaq bunu etmədilər. Əgər pilotlar təyyarə qəzalı olduğu və idarəetməni itirdiyi, hava da dumanlı olduğu üçün onları dispetçer normal şəkildə idarə etməliydi və təhlükəsiz qaydada enişinə yardımçı olmalıydı. Bunu da etməyiblər. Halbuki, Qroznıya yaxınlaşan başqa təyyarələri Mineralnıye Vodı hava limanına yönəldiblər. Bizim təyyarəmizi niyə ora enməyə qoymadılar? Dəniz üzərindən Aktauya yönləndirdilər. Bunların hamısı göstərir ki, hadisəni törədənlər nə etdiklərini yaxşı bilirdilər. İzi itirmək üçün təyyarəmizi Xəzər dənizinin üzərinə yönləndiriblər. GPS bağlanıldığı üçün təyyarəmiz rabitəsini də itirmişdi. Ancaq radarlarda təyyarə qalmışdı. Yerdə onu izləyənlər təyyarənin həcminin heç də hansısa dron, PUA ölçüsündə olmadığını bilməliydilər".
Rasim Musabəyov: İzi itirmək üçün təyyarəmizi Xəzər dənizinin üzərinə yönləndiriblər
Musabəyov vurğulayıb ki, Ukraynanın bütün səması bağlıdır, ölkəyə heç bir təyyarə buraxılmır:
"Ölkəyə xarici qonaq gəldiyi zaman qonşu ölkədə enirlər, qatara minib Ukraynaya gedirlər. Ukrayna prezidenti də xarici dövlətlərə səfər edərkən eyni vasitədən istifadə edir. Əgər Rusiya da müharibə ölkəsidirsə, o da hava məkanı ilə bağlı bənzər addım atmalıdır. Rusiya Ukraynanın ərazisini hədəf alırsa, raket zərbələri endirirsə, özü də əks cavablara da hazır olmalıdır. O zaman Rusiya da öz səmasını bağlamalı, ilk növbədə təhlükəsizlik təmin olunmalıdır. Bu olmadığı halda heç kim Rusiyaya uçmayacaq".
Aydın Baxış