Müasir və müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilib.
Unutmaq olmaz ki, ümumilli liderim Heydər Əliyev xalqımızın israrlı istəyi və tələbi ilə hakimiyyətə gəldikdən sonra ölkəmizdə müxtəlif sahələrdə ciddi islahatlar apararaq dövlətçiliyin ilkin və sarsılmaz təməlləri atılmış, respublikamızın hüquq sistemi yenidən qurularaq təkmilləşdirilib.
Müasir Azərbaycan ədliyyəsinin inkişafında Heydər Əliyevin mühüm və danılmaz rolu vardır. 1996-cı ildə yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək Ulu Öndər qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail olub.
Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi və demokratik Azərbaycan Respublikası qurulmasında iştirak edənlərdən biri kimi ədliyyə orqanları diqqətdən kənarda qalmamış və bu qurumlara qayğı ilə yanaşmışdır. Bu qayğının sayəsində Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri yenidən müəyyənləşdirilərək təkmilləşdirilmiş, ədliyyə fəaliyyətinin o zamanki dövrün tələblərinə cavab verməsi üçün müvafiq struktur dəyişiklikləri aparılmış, bir çox yeni qurumlar yaradılıb.
Hüquqi dövlətin təməl sütunlarından biri məhz məhkəmələrin olması danılmazdır. Ümumilli liderimiz Heydər Əliyev Azərbaycanda üçpilləli yeni məhkəmə sistemini yaratmışdır. Bundan əlavə olaraq islahatın nəticəsi kimi savadlı və təcrübəli hakim korpusunu formalaşdırmaq üçün ölkəmizdə ilk dəfə olaraq test üsulu ilə şəffaf prosedurlarla yeni hakimlər təyin edilmiş, onlara yüksək statusun verilməsinə əsas olan hüquqi aktlar qəbul edilib.
Eyni zamanda, respublikada Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da ulu öndərin zəhməti nəticəsində mümkün olmuşdur. Bu təsisatın yaradılması və müəyyən səlahiyyətlər verilməsi hüquqi dövlət quruculuğunda, o cümlədən konstitusiyanın aliliyinin təmin edilməsində önəmli yer tutur.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlətin cinayət və cəza siyasətində müasir dövrün tələblərinə cavab verən islahatlar həyata keçirilmiş, bir çox fərman və sərəncamlar imzalanıb. Onun rəhbərliyi dörvündə Cəzaların İcra Məcəlləsi və Cinayət Məcəlləsi qəbul edilmişdir. Həmçinin məhkumların istər cəza çəkdiyi dövr ərzində, istərsə də cəza çəkdikdən sonra cəmiyyətə sosial adaptasiyası sahəsində əhəmiyyətli addımlar atılıb. Həmin dövrdə istintaq təcridxanaları da Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir. Bundan əlavə olaraq önəmli hadisələrdən biri kimi Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmişdir. Onun humanist siyasətinin davamı kimi 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb.
Qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında IX bölmə yerli özünüidarəetməyə, IX fəsil isə bələdiyyələrə həsr olunub. Bu isə hüquqi dövlətin tərkib hissələrindən biri kimi yerli özünüidarəetməyə dövlətimiz tərəfindən necə xüsusi diqqət verildiyini göstərir. Bunun təsdiqi kimi Heydər Əliyevin təşəbbüsü ilə respublikamızın tarixində ilk dəfə olaraq 1999-cu ildə bələdiyyə seçkiləri keçirildi. Həmçinin yerli özünüidarəetmənin fəaliyyətinin təkmilləşdirilməsi, müasir dövrün tələblərinə cavab verməsi üçün ulu öndərin sərəncamı ilə Ədliyyə Nazirliyinin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmış, bələdiyyələrə inzibati nəzarətin həyata keçirilməsi nazirliyə həvalə edilib.
Bildiyimiz kimi müasir vətəndaş cəmiyyətində siyasi partiyalar və qeyri-hökümət təşkilatın əhəmiyyətli rolu var. Qeyd edilən təsisatlar qeyri-kommersiya təşkilatları olub cəmiyyətin müxtəlif sferalarında fəaliyyət göstərirlər. Ümumilli liderimiz bu təsisatların demokratik cəmiyyətin vacib hissələrindən biri olmasını dərk edərək bu istiqamətdə dövlət siyasəti formalaşdırmış, siyasi partiyaların və qeyri-kommersiya qurumlarının sərbəst və maneəsiz fəaliyyəti üçün əlverişli şərait yaradılmışdır. Həmçinin qeyri-hökumət təşkilatları barədə qanunvericilik qəbul edilmiş, qeydiyyatı isə Ədliyyə Nazirliyinə həvalə edilib.
Ədliyyə qurumlarından biri kimi notariat və qeydiyyat orqanlarını unutmayan Heydər Əliyev bu orqanlarda da əsaslı islahatlar və təkmilləşdirmələr həyata keçirilməsi üçün hüquqi baza yaradılmasına təkan vermiş, onun rəhbərliyində Ailə Məcəlləsi, "Notariat haqında" Qanun və digər qanunvericlik aktları qəbul edilib. Bu diqqət və qayğının sübutu kimi Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı ilə qeydiyyat orqanlarının idarəçiliyinin təkmilləşdirilərək bu orqanların ikili tabeçiliyinə son qoyularaq, onlar Ədliyyə Nazirliyinin strukturunun tərkib hissəsinə daxil edilib.
Ədliyyə işçilərin vətəndaş cəmiyyətinin bərqərar olunmasını mühüm rolunu başa düşən ümumilli lider Heydər Əliyev onlara mənəvi stimul yaradılması və Azərbaycan ədliyyəsinin tarixinin qorunub saxlanması üçün 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günü - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunub. Bu isə ulu öndər tərəfindən ədliyyə işçilərinə göstərilən etimadın təzahürüdür.
Hazırda bu diqqət və qayğı, ədliyyə sisteminin təkmilləşdirilməsi və dövrün tələblərinə cavab verməsi ilə əlaqədar siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-ci il Fərmanı və ona edilmiş dəyişikliklər, o cümlədən Azərbaycan ədliyyəsinin inkişafına dair proqramların qəbul edilməsi bunun bariz sübutudur. Həmçinin ədliyyə orqanın fəaliyyətinin təkmilləşdirilməsi üçün “Elektron notariat”, “Elektron icra” və “Elektron məhkəmə” informasiya sistemlərinin yaradılması vətəndaşların hüquq və azadlıqların təmin edilməsi sahəsində ən mühüm addımlardan biri hesab etmək olar.
Həmçinin məhkumların şəraitin yaradılması üçün yeni cəzaçəkmə müəssisələrin tikilməsi, bir çox əməllərin dekriminallaşdırılması, əfv sərəncamların qəbul edilməsi, məhkumların sosial adaptasiyasının təmin edilməsi islahatın mühüm tərkib hissəsidir.
Digər tərəfdən vətəndaşların məhkəməyə müraciət etmək hüququnun asanlaşdırılması üçün regional apellyasiya və ixtisaslaşdırılmış məhkəmələrin yaradılması, hakim ştatların artırılması, onların maddi rifah halının yüksəldilməsi, yeni məhkəmə binaların istifadəyə verilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə xidmət edir.
Hər bir ədliyyə işçisi ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətin ali məqsədlərinə sadiq qalaraq müasir, demokratik və inkişaf edən Azərbaycan Respublikasına öz töfhələrini vermək üçün var gücü ilə çalışacaqlar.
Mirzəyev Pərvin Əbil oğlu,
İmişli regional ədliyyə idarəsinin stajoru
(aparıcı məsləhətçi vəzifəsi üzrə)