• Bakı 17° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İcralar ləğv olunur, bələdiyyələr birləşdirilir? - MÜSAHİBƏ

MÜSAHİBƏ

22 Fevral 2024 | 13:23

İcralar ləğv olunur, bələdiyyələr birləşdirilir? - MÜSAHİBƏ

“Düzünü deyək” rubrikamızın budəfəki qonağı millət vəkili, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzovdur.

Bakıvaxtı.az deputatla maraqlı söhbəti təqdim edir.

- Prezident seçkiləri başa çatdı. İlham Əliyev yüksək səs faizi ilə növbəti dəfə prezident seçildi. Seçkidən sonra “yeni era”nın başladığına dair ciddi anonslar verilirdi. Siz “siyasi emalatxana”nı” yaxşı bilirsiniz. Sizcə, “yeni era”da nə kimi yeniliklər nəzərdə tutulur?

- Fevral ayının 14-də parlamentdə cənab prezidentin andiçmə mərasimi baş tutdu. Ölkə başçısı keçən dövrlə bağlı fikirlərini bildirdi. Hansı işlərin görüldüyünü diqqətlərə ərz etdi. Yəni bildirdi ki, Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib. 30 ildən artıq mövcud olan problem həll edilib. Əslində bu, 200 illik bir problem idi. Bu məsələlər bitdikdən sonra, yeni dövr, yeni mərhələ başlayır. Cənab prezident bütün sahələrdə görülməli olan işlərə toxundu, tapşırıqlarını verdi. Həm xarici siyasət istiqamətində, həm müdafiə və təhlükəsizlik məsələlərində görülməli olan məsələlərə toxundu. Sosial məsələlər, gənclər siyasəti, Qarabağda tikinti və quruculuq işləri, Şərqi Zəngəzur və Qarabağ zonasında aparılan işlər, ekologiya və digər bütün sahələrlə bağlı cənab prezident tapşırıqlar verdi.

Regioal idarəetmə, yerli özünüidarəetmə və s. məsələlərlə bağlı artıq proqramlar işlənib hazırlanır. Hər sahə üzrə geniş proqramlar hazırlanıb, təqdim olunacaq. Bu proqramların icrası yeni baxışlarla həyata keçiriləcək.

Cənab prezident həm də ictimai-siyasi münasibətlərə toxundu. Azərbaycanda çoxpartiyalı sistemdir. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunduqdan sonra partiyalararası münasibətlər formalaşıb. O cümlədən Qeyri-Hökumət Təşkilatlarının fəaliyyət istiqamətləri haqqında tapşırıqlar verildi. Elə bir sahə olmadı ki, cənab prezident ona toxunmasın. Biz də hazırlaşırıq ki, müzakirələr aparaq, proqramlar hazırlayaq ki, bu prosesdə əlimizdən gələn dəstəyi və köməyi göstərək.

- Siyasi idarəçiklə bağlı da yeni fikirlər irəli sürülür. Bildirilir ki, icra strukturları ləğv olunub, onun yerinə Qarabağdakı idarəçilik sistemi tətbiq oluna bilər. Bu, mümkün haldır?

- Mən Milli Məclisin Regional məsələlər komitəsinin sədriyəm. Bu məsələ ilə bağlı təkliflər çoxdur. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda yeni idarəetmə forması-Prezidentin səlahiyyətli nümayəndəsi mövcuddur. Bu, bir pilot layihədir. Onun effekti nə dərəcədə olacaqsa, ona müvafiq addımlar atılacaq. Bir çox hallarda Azərbaycanı 14 iqtisadi zonaya bölüb birləşdirmək də təklif olunur. Nazirliklərdə belə bir proses gedir. Məsələn, bir nazirlik 4-5 rayonda artıq yalnız bir nümayəndə müəyyənləşdirir. Ona görə də bu fromatın gələcəkdə icra hakimiyyətlərinə tətbiq olunması məsələsi ortadadır. Bu istiqamətdə təkliflər var.

- Bu il həm də bələdiyyə seçkiləri keçiriləcək…

- Bəli, doğrudur. İndi bələdiyyələrin birləşməsi ilə onların sayının azaldılması müzakirə predmetidir. Proseslər gedir, son nəticə müzakirələrdən asılı olacaq. Regional idarəetmə və bələdiyyələrin fəaliyyətinə dair fikir mübadiləsi aparılacaq.

- “Siyası partiyalar haqqında” yeni qanuna toxundunuz. Bu qanun qəbulundan sonra məlum oldu ki, bəzi partiyalar bir sədrdən, bir də möhürdən ibarətdir. Buna rəğmən müəyyən narazılıqlar da var. Sizcə, narazılığın səbəbi nədir?

-  “Siyası partiyalar haqqında” yeni qanun partiyaların fəaliyyətinə qapılar açır. Kim yeni partiya yaratmaq istəyirsə, buyurub, yaratsın. Qanunun tələbləri var. Bu tələblərə uyğun olaraq, addımlar ata bilərlər. Bu qanuna o siyasi təşkilatlar etiraz edirlər ki, onların tələb olunan potensialı yoxdur. Azərbaycanda 60-a yaxın siyasi partiya vardı, onlardan 25-26 partiya qeydiyyatdan keçdi. Yarıdan çoxu uzun illər əvvəl yaradılmış, ancaq adı və möhürü olan təşkilatlar idi. Onlar da öz fəaliyyətlərinə xitam verdilər. Qalan partiyalara bina da ayrılıb, şərait də yaradılıb. Mütəmadi olaraq, Prezident Administrasiyasında onlarla görüşlər keçirilir. Təklifləri dinlənilir, çətinliklərinə baxılır.

- Azərbaycanla Ermənistan arasında yekun sülhlə bağlı müxtəlif proqnozlar verilir. Bir yandan sülh danışıqları aparılır, digər yandan qarşı tərəf Kəlbəcər istiqamətində şərti sərhədi pozaraq silahlı təxribata əl atır. Sizcə, yükun sülh bu il mümkün olacaqmı?

- Bu cür təxribatlar olacaq. Nə zaman ki, ərazilərimiz işğal altında idi, ermənilər beynəlxalq təşkilatlarda bu məsələnin qaldırılmamasına çalışırdılar. Bu gün artıq biz bunu yaddan çıxarmalıyıq. Hesab edirəm ki, Ermənistan sülhə nə qədər tez razılaşıb, qəbul etsə, bu, bir o qədər ona sərf edəcək. Çünki Ermənistan üçün yeni yollar açılacaq. Bu ölkə düşdüyü vəziyyətdən çıxacaq. Türkiyə və Azərbaycanla əlaqələr quracaq. Azərbaycanın açdığı dəmir yolu və avtomobil yolları ilə Orta Asiya, Çin və oradan da Avropaya qədər çıxa biləcək. Onlar da başa düşür ki, Qarabağ məsələsi artıq bitib.

- Ermənistan ordusunun silahlandığını da yazırlar…

- Bu, mənasız məsələdir. Darmadağın olmuş bir ordu yaxın 10-20 ilə qədər özünə gələ bilməz. Ordunun ruhu, silahlanma və formalaşma xeyli zaman aparır. İkincisi, burada əhalinin sayı məsələsi var. Ermənistan əhalisinin sayı Azərbaycan əhalisinin sayından 3-4 dəfə azdır. Belə olan halda orada hansı ordunu formalaşdıracaqlar? Amma Azərbaycan yeni texnika, texnologiya alır. Onlara köhnə, sınıq-salxaq texnika göndərə bilərlər, amma biz yeni texnikalar alırıq. Onlar da anlayırılar ki, bir də müharibəyə başlasalar, tamam darmadağın olacaqlar. Bu mənada Avropanın dəstəyi, göstərişi ilə Ermənistan ordusunun içərisində təxribat yaratmaq istəyənlər var. Amma bunlar mənasızdır.

- Sizin parlamentdəki çıxışlarınızı yaxından izləyirik. Hakim partiya təmsilçisi olsanız da, gərəkən sosial məsələlərlə bağlı sağlam tənqidlərinizin də şahidi oluruq. Son günlər əhmədovlar ailəsində baş verən qətliam və dünən məktəbli qızın öz sinif yoldaşını bulinqə məruz qoyması cəmiyyəti silkələdi. Bu olaylar niyə baş verir?

- Gündə ən azı 1-2 nəfər qadın öldürülür. Bu, qadınların soyqırmıdır. Bunun da iki səbəbi var. Biri mobil telefonlardır. Bu mənada ki, mobil telefonlar vasitəsilə hərəsi özünə bir “İnstagram”, “Tik-Tok” səhifəsi açır. Bununla da “yollarından çıxırlar”. Bir də seriallar qadınları başqa yollara çəkir. Hesab edirəm ki, buna ciddi ictimai qınaq lazımdır. Azərbaycan ziyalıları ayağa qalxmalıdırlar. Buna bir münasibət bildirməlidirlər, insanlara müraciət etməlidirlər ki, bu məsələlər bitsin. Müəllimin oynayan yerdə videosunu yayırlar. Belə olmaz! Axı nəzərə almaq lazımdır ki, şagirdləri ona baxacaq. Ona görə də belə arzuolunmaz halları tək qanunla deyil, ictimai təzyiqlə aradan qaldırmalıyıq.

- Son günlər Azərbaycan mediasının da fəaliyyəti tənqid olunur. Sizcə, mətbuat harada boşluqlar buraxır?

- Media bütün gün bəd xəbərlər tirajlayır. Əhmədovlar ailəsi ilə bağlı saatbasaat xəbər yayırlar. Hadisə oldu, prokurorluq məlumat verdi və bitdi. İndi o ailənin sülaləsini axtarıb tapırlar, bəzən düzgün olmayan məlumatlar verirlər.

Bir modelin dostu tərəfindən döyülməsi xəbərini o qədər yazdılar ki… Bunun nə mənası var axı?! Döyüb, o da gedib versin məhkəməyə və məsələ həll olunsun.

Bu cür ucuz reklam və şouya gedirlər. Fundamental məsələlərlə bağlı araşdırma aparmaq lazımdır. Sosial problemi olan ailəni tapıb yazmaq, araşdırmaq lazımdır. Bu cür ailələri tapmalıdırlar. Bu barədə yazırlarmı? Yazmırlar. Bir Qarabağ qazisi və şəhid ailəsi ilə maraqlanırlarmı, yazırlarmı?

- Bəli yazırlar..

- Əhmədovlar ailəsi qədərmi yazırlar? Yox!

- Yeri gəlmişkən, Qarabağ qaziləri və şəhid ailələri ilə bağlı da məsələləri parlamentdə çox qaldırırsınız. Onlar da məmur süründürməçiliyi ilə üz-üzə qalırlar…

- Əmək və əhalinin sosial müdafiəsi naziri ilə 4 saat müzakirə apardıq. Qazi narazılıqlarında bəzi məsələlər sünidir, bəzisi isə həqiqətdir. Süni və həqiqi iş qarışıb. Bu da problem yaradır. Biz də dedik ki, lap süni də olsa, ona köməklik edilməlidir. Bu adam vuruşubdur. Onlara da mənzillər veriləcək, amma bir az gec veriləcək. Onlar da güzəştləri tez almaq istəyirlər. Mən də dedim ki, adamlar müharibə iştirakçısıdırlar. Yaralanmasalar belə, onların yanında ağır yaralanan, şəhid olan dostları, yoldaşları olub. Bunun özü də ağır travmadır. Qazilər var ki, yaralı olmayıblar, amma aldıqları travmadan dolayı yata bilmirlər, əziyyət çəkirlər.

- Bu il parlament seçkiləri keçiriləcək, namizədliyinizi irəli sürəcəksinizmi?

- Hələ məsələ məlum deyil. Bununla bağlı qərarı partiya verir. Partiya hansı qərarı qəbul edəcəksə, ona uyğun da addımlar atacağıq.

- Siyavuş müəllim, hazırda hansı kitabı oxuyursunuz?

- Bədii ədəbiyyatlar oxuyuram. Hazırda əfqan mənşəli amerikalı yazıçı Xalid Hüseynin əsərini oxuyuram. Onun 3-4 kitabını almışam, oxuyuram. Əfqan həyatından yazır. Müəyyən hadisələri düzgün təsvir edir, müəyyənini isə yanlış. Mən Əfqan həyatını yaxşı bilirəm. Hesab edirəm ki, o, bu hadisələri kimdənsə, eşidib yazır. Özünün gördükləri deyil, kimsə danışır, o da yazır. Amma hesab edirəm ki, pis deyil.

- Yerli müəllifləri oxumursunuz ?

- Oxuyuram. Hekayələr oxuyuram, jurnallar alıb, baxıram.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

27 Aprel 2024