Amerikalı sahibkar İlon Maskın Neuralink şirkəti beyin çipini insanlar üzərində sınaqdan keçirəcək.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə alınıb.
Məlumata görə, şirkət implantı iflic olan insanlarda sınaqdan keçirməyə hazırlaşır.
Xatlırladaq ki, keçən il FDA Neuralink-in insanlar üzərində edilən sınaqlarını sürətləndirmək tələbini rədd etmişdi. Şirkətdən verilən açıqlamada təsdiqdən sonra Neuralinkin klinik sınaqlarda iflic olan insanların iştirakı üçün könüllü xəstələr axtardığı bildirilib.
Altı il davam etməsi planlaşdırılan təcrübələrdə implantın onurğa beyni zədələnməsi nəticəsində iflic keçirən xəstələr üzərində sınaqdan keçiriləcəyi paylaşılsa da, tədqiqatların harada və neçə iştirakçı ilə aparılacağı bildirilməyib.
Daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən implantın beyindəki siqnalları müvəffəqiyyətlə cihazlara köçürdüyü iddia edilmişdi. Klinik sınaqlar nəticəsində beyin implantının təhlükəsiz olduğu sübuta yetirilsə də, ekspertlər Neuralink-in kommersiya istifadəsinə icazə alması üçün 10 ildən çox vaxt lazım ola biləcəyini hesab edirlər.
Onu da qeyd edək ki, illər əvvəl ABŞ mətbuatında əks olunan xəbərlərdə şirkətin keçmiş işçiləri heyvanlar üzərində aparılan təcrübələrlə bağlı mənfi təcrübələr yaşadıqlarını bildirmişdilər.
Sözügedən çip robot vasitəsilə beynin hərəkəti idarə edən hissəsinə cərrahi yolla daxil ediləcək. İştirakçılardan kompüter kursorunu və ya klaviaturanı yalnız düşüncələrinin gücü ilə idarə etmələri gözlənilir.
Ay Tac















