• Bakı 15° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qəbul imtahanları çətinləşəcək? - RƏYLƏR

CƏMİYYƏT

18 Aprel 2025 | 10:22

Qəbul imtahanları çətinləşəcək? - RƏYLƏR

Xəbər verdiyimiz kimi, martın 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, imtahan iştirakçıları arasında 20 nəfər maksimum bal-300 bal toplayıb. Xatırladaq ki, martın 2-də keçirilən buraxılış imtahanlarında isə 23 nəfər maksimal balı toplayıb.

Maraqlıdır, bunların fonunda qəbul imtahanları sərtləşdirilə bilərmi?

Kamran Əsədov, təhsil məsələləri üzrə ekspert

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-ın əməkdaşı ilə söhbətində söyləyib ki, 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinin açıqlanması ilə yanaşı, hər il olduğu kimi bu dəfə də nəticələrin ali təhsil müəssisələrinə qəbul prosesinə təsiri, xüsusilə keçid ballarına mümkün təsirləri aktuallaşır.

K.Əsədov qeyd edib ki, 2025-ci ildə keçirilən buraxılış imtahanında maksimum nəticə - yəni 300 bal toplayanların sayı ötən illə müqayisədə azalıb. Ekspert nəzərə çatdırıb ki, 2 mart imtahanda 23 nəfər, 9 mart imtahanda isə 20 nəfər olmaqla ümumilikdə cəmi 43 nəfər 300 bal toplayıb. Bu isə 2024-cü ildəki 53 nəfərlə müqayisədə təxminən 19 faiz azalma deməkdir.

Onun sözlərinə görə, yüksək nəticə göstərənlərin payı azalıb və bu, istər-istəməz ümumi bal paylanmasında dəyişikliklərə səbəb olacaq:

“Bu dəyişikliklərin ali məktəblərə qəbulda keçid ballarına təsirini düzgün qiymətləndirmək üçün buraxılış imtahanlarının ali təhsil sistemində tutduğu yeri və funksiyasını nəzərə almaq vacibdir. Qanunvericiliyə əsasən, yəni “Təhsil haqqında” qanunun 15-ci maddəsinə və qəbul qaydalarına əsasən, ali təhsilə qəbul iki mərhələdə həyata keçirilir: birinci mərhələ buraxılış imtahanı (300 bal), ikinci mərhələ isə ixtisas qrupları üzrə qəbul imtahanıdır (400 bal). Bu iki mərhələnin cəmi üzrə maksimal 700 bal əldə edilə bilər. Belə olan halda, buraxılış imtahanındakı nəticə bu 700 balın təxminən 43 faizini təşkil edir və qəbul zamanı azı orta səviyyəli təsirə malikdir. Lakin müəyyən ixtisaslar və universitetlər üçün bu mərhələnin çəkisi daha yüksəkdir. Məsələn, ADA Universiteti və UNEC-də bəzi proqramlara müraciət zamanı attestat və buraxılış imtahanı nəticələri əsas götürülür. Bu isə 300 bal ətrafında nəticə göstərən abituriyentlər üçün daha çox əhəmiyyət daşıyır”.

Müsahibimizə görə, buraxılış imtahanında 300 bal toplayanların sayının azalması ilk baxışda keçid ballarının enəcəyini düşündürə bilər. Dediyinə görə, bu, birbaşa və avtomatik şəkildə baş vermir.

K.Əsədov izah edib ki, keçid ballarına təsir edən digər amillər də nəzərə alınmalıdır: ümumi imtahan iştirakçılarının bal paylanması, qəbul planı üzrə yerlərin sayı, ixtisaslara tələbat, qəbul imtahanındakı nəticələrin ümumi səviyyəsi və universitetlərin daxili seçim meyarları:

“Əgər yüksək bal toplayanların sayı azalsa, qəbul planı dəyişməz qalarsa, bu zaman müəyyən ixtisaslarda keçid ballarının cüzi aşağı düşməsi mümkündür. Lakin bu proses ixtisas və universitet üzrə fərqli şəkil alır. Məsələn, daha çox rəqabətli ixtisaslarda - hüquq, tibb, beynəlxalq münasibətlər, süni intellekt və informasiya texnologiyaları sahələrində keçid ballarında ciddi dəyişiklik baş verməyə bilər, çünki bu ixtisaslar üzrə ənənəvi olaraq yuxarı nəticə göstərən abituriyentlər yarışır”.

Ekspert hesab edir ki, digər mühüm məsələ isə nəticələrin regional və sosial təbəqələşməsi ilə bağlıdır.

Həmsöhbətimiz əlavə edib ki, yüksək nəticə göstərən abituriyentlərin əsasən Bakı, Sumqayıt və Gəncə kimi iri şəhərlərdə cəmlənməsi və rayon məktəblərinin göstəricilərinin zəif olması ali təhsilə çıxış imkanlarında ədalətsizlik yaradır:

“Bu hal ali təhsildə sosial inklüzivlik prinsipinə ziddir. Buraxılış imtahanları nəticələrinin bu qədər fərqlənməsi onu göstərir ki, təhsil imkanlarında hələ də bərabərsizlik mövcuddur. Bu isə təhsilin keyfiyyəti və resurslara çıxışla bağlı daha ciddi struktur islahatlarının zərurətini gündəmə gətirir”.

Əsədov nəzərə çatdırıb ki, dünya təcrübəsində buraxılış imtahanlarının ali təhsilə keçiddə bu qədər həlledici olması nadir hallarda müşahidə olunur:

“Məsələn, Finlandiya və İsveçdə ümumi orta təhsilin nəticələri əsas götürülür, imtahanlar isə yalnız əlavə göstəricidir. Almaniyada “Abitur” nəticəsi şagirdin məktəbdəki illik nəticələrinə əsaslanır və ali təhsil müəssisələrinə qəbul zamanı bu göstərici ilə yanaşı fərdi müsahibə və motivasiya məktubları da rol oynayır. Birləşmiş Ştatlarda isə SAT və ACT kimi imtahanlar olsa da, orta məktəb nəticələri, sosial aktivlik və müəllim tövsiyələri kimi faktorlar da nəzərə alınır. Bu sistemlərdə məqsəd yalnız bilik yox, həm də bacarıq, yaradıcılıq və potensialı qiymətləndirməkdir”.

Onun sözlərinə görə, Azərbaycanda isə buraxılış və qəbul imtahanlarının hələ də mərkəzləşdirilmiş, vahid və standart test formatında aparılır. Ekspert əlavə edib ki, bu formatın üstünlüyü obyektivlik və vahid meyarlarla qiymətləndirmə olsa da, mənfi tərəfi şagirdin uzunmüddətli təhsil prosesində əldə etdiyi digər bacarıqları - tənqidi düşünmə, təqdimat bacarığı, layihələrdə iştirakı və sosial məsuliyyəti nəzərə almamasıdır. Bu da qəbul sisteminin təkmilləşdirilməsi və yeni alternativ qiymətləndirmə mexanizmlərinin tətbiqini zəruri edir:

Həmsöhbətimiz hesab edir ki, gələcəkdə bu sistemdə dəyişiklik baş verəcəksə, ilk növbədə balların hesablanması mexanizmi yenidən nəzərdən keçirilməli, buraxılış imtahanı ilə məktəbdaxili qiymətləndirmənin nisbəti daha da yaxınlaşdırılmalıdır. Həmçinin ixtisas qruplarına əsaslanan modeldən daha çox fənn blokları və bacarıq əsaslı qəbul sisteminə keçid təmin edilməlidir. Beləliklə, yalnız testdə üstün nəticə göstərən deyil, həqiqi potensiala malik gənclər ali təhsilə daxil ola bilərlər.

“Bu baxımdan, buraxılış imtahanında 300 bal toplayanların sayının azalması təkcə statistik məlumat deyil, həm də təhsil sisteminin ümumi vəziyyətini göstərən siqnaldır. Bu nəticələr ali təhsil strategiyasının sosial ədalət, regional bərabərlik və bacarıq əsaslı modelə keçid baxımından yenidən nəzərdən keçirilməsini tələb edir. Təhsil siyasəti isə yalnız nəticəyə deyil, nəticəni formalaşdıran şəraitə fokuslanmalıdır”,- deyə Kamran Əsədov diqqətə çatdırıb.

Elmin Nuri,təhsil məsələləri üzrə ekspert

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Elmin Nuri bildirib ki, builki buraxılış imtahanlarında maksimal nəticə göstərən abituriyentlərin sayı ötən illə müqayisədə cəmi 10 nəfər azdır.

E.Nuri xatırladıb ki, ötən il hər iki zona üzrə 53 nəfər maksimal nəticə toplamışdı. Onun sözlərinə görə, cari ilin imtahan nəticələri, xüsusilə də maksimal bal meyarına görə, ötən illə müqayisədə ciddi fərq görünmür.

Ekspert ötən il müəyyən yumşalmaların müşahidə olunmasından sonra blok imtahanlarında həm ciddi çətinliyin, həm də ixtisas seçimlərində güclü rəqabətin şahidi olduğunu deyib. Müsahibimiz hesab edir ki, bu il də oxşar tendensiya yaşanmayacaq:

“Lakin builki blok imtahanlarının ötənilki qədər çətin olub-olmayacağı sualına cavab olaraq deyə bilərəm ki, bu, mümkündür. Blok imtahnlarının çətin olacağı artıq məlumdur. Bundan tam əmin ola bilərsiniz. Amma çətinlik dərəcəsinin ötənilki ilə eyni olub-olmayacağını dəqiq söyləmək çətindir. Fikrimcə, bu il sualların çətinlik səviyyəsi ötən ildəkindən bir qədər aşağı ola bilər”.

Müsahibimizin fikrincə, ixtisas seçimində də rəqabətlilik çox olacaq.

“Amma keçid ballarının ötən il olduğu kimi kəskin şəkildə yüksələcəyini gözləmirəm. Çünki keçən il bir çox ixtisas üzrə keçid ballarında həddindən artıq yüksəliş müşahidə olundu. Bu il isə o qədər də fərqin olacağı ehtimal olunmur”.- deyə Elmin Nuri qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025