• Bakı C

    3.64 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

İŞİD və PKK "dirilir": Bölgədəki siyasi durum getdikcə...

SİYASƏT

16 Yanvar 2025 | 16:41

İŞİD və PKK dirilir: Bölgədəki siyasi durum getdikcə...

Son dövrlərdə İŞİD və PKK-nın fəaliyyətlərinin yenidən intensivləşməsi bölgədə təhlükəsizlik dinamikalarını dəyişdirərək qlobal diqqəti Yaxın Şərqə yönəldib.

Hər iki qruplaşmanın aktivləşməsi siyasi boşluqlar, regional ziddiyyətlər və güc balansındakı dəyişikliklərin təsiri ilə izah olunur. İŞİD terror aktları və radikal ideologiyası ilə qlobal təhlükəsizlik üçün ciddi təhdid yaradır, PKK silahlı mübarizəsini yenidən gücləndirərək regional gərginliyi artırır. Bu vəziyyət həm regional sabitlik, həm də beynəlxalq təhlükəsizlik üçün yeni suallar və çətinliklər ortaya qoyur.

Bu addımlar bölgədəki geosiyasi prosesləri hansı vəziyyətə gətirib çıxaracaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Amid Əliyev bildirib ki, dünən Qətərin vasitəçiliyi və ABŞ-nin dəstəyi ilə Qəzzada atəşkəsin elan olunması bunun əsas səbəblərindən biridir:

"Bölgədə baş verən bu cür hadisələr bir tərəfdən terror qruplaşmalarına manevr imkanları yaradır, digər tərəfdən isə regional aktorlar arasında dərinləşən fikir ayrılıqları ilə müşayiət olunur. Atəşkəsin elan olunması humanitar baxımdan müsbət qiymətləndirilsə də, terror qruplaşmaları belə proseslərdən özlərini gücləndirmək üçün faydalanmağa çalışır”.

Müsahibimiz deyib ki, bölgədə sabitlik yalnız uzunmüddətli və davamlı həll yolları ilə mümkün ola bilər. Siyasi boşluqların doldurulması, yerli əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və beynəlxalq əməkdaşlıq terror qruplaşmalarının təsirini azalda biləcək əsas amillərdir. Hazırkı vəziyyətdə İŞİD və PKK-nın yenidən aktivləşməsi beynəlxalq ictimaiyyətin diqqətini bölgədəki mövcud problemlərin köklərinə yönəltməyi tələb edir.

Siyasi şərhçinin sözlərinə görə, bu "oyanışda" digər səbəb Donald administrasiyasının hakimiyyətə gəlməsidir. Onun sözlərinə görə, bu addım regionda tətbiq ediləcək yeni dəyişikliklərin formalaşdırılmasına səbəb olacaq:

"Bu cür dəyişikliklər yalnız regional deyil, qlobal aktorların da strateji maraqlarını yenidən nəzərdən keçirməsinə səbəb olub. Bu, İŞİD və PKK kimi qruplaşmaların fəaliyyətlərini genişləndirmək üçün ortaya çıxan yeni şəraitdən faydalanmalarına imkan yaradır. Hazırkı vəziyyət həm də beynəlxalq ictimaiyyətin bölgədə daha sabit və təhlükəsiz bir mühitin yaradılması istiqamətində ciddi və vahid bir strategiya hazırlamasını zəruri edir".

 

 

Amid Əliyev: Yaxın zamanlarda həm İŞİD-in, həm də PKK-nın aktivləşməsi ilə bağlı yeni xəbərlər alacağıq

Amid Əliyev söyləyib ki, artıq İran və İrana bağlı olan qüvvələrin bölgədəki fəaliyyətləri sıradan çıxarılıb. Bu da PKK və İŞİD qüvvələrinə yenidən aktivləşmək imkanı yaradır:

"Əvvəllər İranın hərbi və strateji müdaxilələri bu qrupların fəaliyyətlərini məhdudlaşdırmaqda müəyyən rol oynasa da, hazırkı vəziyyətdə həmin müdaxilələrin olmaması bu qruplaşmalara azad hərəkət sahəsi açıb. İŞİD bu vəziyyətdən istifadə edərək regionda terror hücumlarını artırmaq üçün yeni strategiyalar hazırlaya bilər. Eyni zamanda, hazırkı şəraitdə PKK və İŞİD kimi qruplaşmaların artan təsiri, həm regiondakı dövlətlər, həm də beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə doğurur".

Politoloq Türkiyə-PKK münasibətlərinə də toxunub. Həmsöhbətimizin fikrincə, hazırda Türkiyədə daxili siyasi vəziyyətin əsas gündəmi PKK məsələsidir:

"Müxalifət partiyaları belə PKK rəhbərinin Türkiyə Böyük Millət Məclisində çıxış etməsini təklif edib. Ümumiyyətlə, bu partiyanın ləğv edilməsi istiqamətində tədbirlərin görülməsi ilə bağlı bir çox təşəbbüslər irəli sürülüb. Bu təklif partiyanın Türkiyənin daxili siyasətindəki təsirini və onun legitimliyini daha açıq şəkildə müzakirə etməyə imkan yaradır. Müxalifət tərəfdarları PKK-nın fəaliyyətlərini genişləndirməsi və onun terrorizmlə bağlı keçmişi nəzərə alınmasını, partiyanın fəaliyyətinin daha ciddi şəkildə qiymətləndirilməsini tələb edirlər".

Son olaraq müsahibimiz baş verən bütün proseslərin sözügedən terrorçu təşkilatların sülhün əldə edilməsi və Amerika Birləşmiş Ştatlarının yeni dünya nizamını əldə etməsi istiqamətində yeni xaos formalaşdırmağa xidmət etdiyini vurğulayıb:

"Düşünürəm ki, yaxın zamanlarda həm İŞİD-in, həm də PKK-nın aktivləşməsi ilə bağlı yeni xəbərlər alacağıq. Bu, yalnız Yaxın Şərqdə deyil, qlobal təhlükəsizlik baxımından da ciddi nəticələr doğura bilər. Regional münaqişələrin dərinləşməsi və bu qruplaşmaların təsir gücünün artması, dünya ictimaiyyətinin yeni bir geosiyasi nizam qurmasına təkan verəcək".

Əli Hüseynov


SON XƏBƏRLƏR