Son zamanlar tez-tez aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılır. Bəs bu cür məsuliyyətsizlik edib ətrafdakıların sağlamlığı üçün də təhlükə yaradan şəxslərə hansı cəzalar tədbiq edilir?
Mövzu ilə bağlı Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Bakıvaxtı.az-a danışıb:
Analizlərinin nəticəsi pozitiv çıxan aktiv koronavirus xəstələri müalicə təyin olunan ünvanlarda 24 saat ərazidə xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Nəzarətdə saxlanılmasında məqsəd onların ictimai yerlərdə hərəkət etməməsi və başqa ərazilərə getməməsidir. Yəni əgər hansısa aktiv koronavirus xəstəsi müalicə təyin olunan ərazini tərk edərsə, Cinayət Məcəlləsinin 139-1-ci maddəsinə uyğun olaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulmasına görə cinayət tərkibi yaranır. Həmin maddənin birinci hissəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda həmin şəxslər iki min beş yüz manatdan beş min manatadək cərimə və ya üç ilə kimi müddətli azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Maddənin ikinci normasında isə eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ümumən ölkə ərazisində, yəni infeksiya şəraitində aktiv koronavirus xəstələrinin hərəkətinə ciddi nəzarət olunur. Onlara tövsiyyə edirik ki, müalicə təyin olunan ünvanları tərk etməsinlər. Ev şəraitində həkim tərəfindən təyin olunan müalicələrini davam etdirsinlər. Onlar barəsində təyin olunan müalicə prosesi başa çatmayana qədər o ünvanı tərk etməməlidirlərı. Əgər çöldə polis tərəfindən aşkarlanarsa, onlar tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilir.
Aytac Aslan
















