Karantin zamanı tətbiq olunan cərimələrin ləğvi bir neçə dəfə gündəmə gətirilsə də, məsələ ilə bağlı konkret addım atılmayıb. Karantin zamanı yazılan cərimələrin ləğvi gözlənilirmi?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıvaxtı.az-a bildirib ki, bu, olduqca vacib məsələdir: “Dünya çağında iki il pandemiya şərtləri gərəyi ilə bir sıra qanunlar tətbiq olundu. Ayrı-ayrı ölkələrdə belə bir sosial amnistiya formalaşdı və bir sıra hallarda cərimələrin silinməsi, bağışlanması əhaliyə güzəşt tədbirlərinin formalaşdırılması inkarolunmaz faktır".
Deputat deyib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən istər maliyyə amnistiyası, vətəndaşların özünün bilavasitə müxtəlif cinayət əməllərini törədən şəxslərin yenidən azadlığa buraxılması, həmçinin sosial-iqtisadi xarakterli müxtəlif bağışlanma, güzəşt tədbirləri atılıb: "Bu məsələ bir neçə dəfə Milli Məclisin həm İnsan hüquqları komitəsində, həm də plenar iclaslarda həmkarlarımız tərəfindən gündəmə gətirilib".
Z.Orucun sözlərinə görə, cərimələrin ləğvi əhali tərəfindən də müsbət qarşılanar. Eyni zamanda, aidiyyatı qurumlar bu məsələni müzakirə etməlidirlər.
"Pandemiyanın vurduğu sosial, iqtisadi ziyanların da qarşısının alınması üçün həm dövlətin, həm vətəndaşların mənafeyinə uyğun həll yolları tapılmalıdır. Növbədənkənar sessiyada bu məsələ ilə bağlı gündəlik məsələ müəyyənləşməyib. Eyni zamanda, büdcəyə yeni transfer gözlənilir. Bu məsələlər ətrafında karantin zamanı tətbiq olunan cərimələrin də ləğvi müzakirə oluna bilər”, - deyə Zahid Oruc əlavə edib.
Nuranə Daxilqızı
















