Martın 10-da Dövlət İmtahan Mərkəzinin Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirib. Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır.
Bakıvaxtı.az xəbər verir ki, Laçın şəhərindəki 2 nömrəli tam orta məktəbdə şagirdlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb.
4 şagirdin iştirak etdiyi imtahan hər yerdə olduğu kimi, saat 11.00-da başlayıb və 3 saat davam edib. İmtahanlar mövcud təlimata uyğun keçirilib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
Lamiyə Nəcəfli Laçında təşkil edilən ilk buraxılış imtahanında iştirak etdiyi üçün fəxr etdiyini bildirib: “Bu gün ilk dəfə olaraq doğma yurdumuzda imtahan keçirildi. Bizim üçün fəxrvericidir ki, öz torpaqlarımızda imtahan verdik. İmtahan yaxşı keçdi. Həyəcanlanmadım, çox rahat oldu”.
Buraxılış imtahanı Zabux kənd tam orta məktəbində də uğurla başa çatıb.
05:03
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı təşkil ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, DİM ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəbi, Zabux kənd tam orta məktəbi və Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə buraxılış imtahanı keçirəcək.
Zəngilan rayonunun Ağalı kəndindəki orta məktəbdə isə bu il ikinci buraxılış imtahanı olacaq.
Xatırladaq ki, bu gün buraxılış imtahanı respublikanın 33 şəhər və rayonunda təşkil olunacaq.
Bundan öncə, martın 3-də 30 şəhər və rayonda imtahan keçirilib.



jpeg-1712665043.webp)












