ABŞ prezidenti Donald Tramp və Macarıstanın baş naziri Viktor Orban noyabrın 7-də Vaşinqtonda görüşəcəklər. Görüş üçün maliyyə, iqtisadi, enerji, hərbi-sənaye sahəsində əməkdaşlığa dair böyük sazişlər paketi hazırlanır.
Bir neçə gün öncə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, Macarıstan ABŞ-dən nüvə yanacağı almaq üçün danışıqlara başlayıb.
Bu görüş fonunda ABŞ-Macarıstan yaxınlaşması gələcək üçün nələr vəd edir?
Avropa İttifaqının Rusiyadan nüvə yanacağının alınmasına məhdudiyyət qoymağa hazırlaşdığı bir vaxtda Macarıstanın ABŞ-yə üz tutması yeni gərginliyə səbəb ola bilərmi?
Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, Macarıstan Baş naziri Viktor Orbanın Avropa daxilində Rusiyanı dəstəkləyən mövqeyi fonunda ABŞ ilə bir çox sahədə əməkdaşlığa dair saziş imzalayacağı xəbəri onu deməyə əsas verir ki, Macarıstan Rusiyadan üz döndərəcək:
"Macarıstanın dənizə çıxışının olmaması və enerji daşıyıcıları məsələsində Rusiyadan asılı olması Avropa İttifaqı daxilində ciddi problemlər yaradıb. Orbanın bu səbəbləri bəhanə gətirib Aİ-nın Rusiyaya qarşı sanksiyalarını bloklaması, əslində, iqtisadi səbəblərdən baş verməsi kimi görünsə də, Orbanın Ukrayna müharibəsi ilə əlaqəli Rusiyanın mövqeyini bölüşdüyü də bəllidir. Amma geosiyasi vəziyyətin dəyişdiyi bir fonda ABŞ stansiyalarının Rusiyaya qarşı gücləndirilməsinin planlandığı bir məqamda görünən odur ki, ABŞ-nin Rumıniyaya etdiyi təkliflər Orbanı fikrindən döndərə bilib".
A.Qasımov hesab edir ki, Macarıstanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün ABŞ ilə atacağı addımlar Macarıstan üçün böyük əhəmiyyət daşıyır.

Azər Qasımov: Macarıstanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün ABŞ ilə atacağı addımlar...
"Məsələ ondadır ki, artıq heç kim Rusiyanın yanında olmaq ittihamı ilə qarşılaşmaq istəmir. Bu baxımdan Rusiyadan uzaqlaşmaq məsləhətdir. Bunun gərginlik yaratması ehtimalı zəifdir. Rusiya üçün çətin dövrlər başlayıb. Cəbhədə müəyyən üstünlüklər əldə etdiyi xəbərləri gəlsə də, iqtisadi olaraq vəziyyət getdikcə pisləşir", - deyə müsahibimiz qeyd edib.
Politoloq onu da vurğulayıb ki, Hindistan Rusiyadan neft almaqdan imtina edib. Növbədə Çin və Türkiyə var. Ona görə də Rusiya üçün Macarıstan kiçik oyunçudur:
"Proseslərin gedişi Çin və Türkiyənin mövqeyindən asılı olacaq".
Gülşən Şərif
Bakı 


