• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Fransa hökumətsiz qalıb: Makron ölkənin siyasi sistemini daha da zəiflədir - AÇIQLAMA

DÜNYA

28 Avqust 2024 | 11:26

Fransa hökumətsiz qalıb: Makron ölkənin siyasi sistemini daha da zəiflədir - AÇIQLAMA

Fransa parlamentində yaranmış qeyri-müəyyən vəziyyət ölkənin siyasi həyatında baş verən dəyişikliklərin, daxili və xarici amillərin təsiri altında formalaşan mürəkkəb proseslərin nəticəsidir.

Bu prosesin mahiyyətini anlamaq üçün ölkədə mövcud olan siyasi qüvvələrin balansı, seçici davranışları, vətəndaş cəmiyyətinin rolu, həmçinin beynəlxalq arenada baş verən hadisələr və onların Fransa siyasətinə təsiri nəzərdən keçirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, Fransada son illərdə siyasi sistemdə yaranan qeyri-müəyyənliklər ölkənin siyasi sabitliyini təhdid edir və parlamentin tam formalaşmasını ləngidir. Bu faktorlar ölkədəki siyasi mühitin dinamikliyini və mürəkkəbliyini əks etdirir. Bu halda ortaya maraqlı sual çıxır:

Makron hökuməti niyə qura bilmir?

Kazım Kazımov: Fransdakı vəziyyət ciddi fəsadlara səbəb ola bilər

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Kazım Kazımov bildirib ki, Fransa parlamentindəki mövcud vəziyyətin qeyri-müəyyənliyi bir neçə mühüm səbəblərlə bağlıdır. Onun sözlərinə görə, bu faktorlar ölkədəki siyasi mühitin dinamikliyini və mürəkkəbliyini əks etdirir:

"Birinci növbədə Fransa parlamentinin qeyri-müəyyən vəziyyəti ölkədə mövcud olan siyasi qüvvələrin müxtəlifliyindən və onların arasında yaranan güc mübarizəsindən qaynaqlanır. Fransa siyasi sistemində, xüsusilə də parlamentin tərkibində bir çox fərqli partiya və ideoloji cərəyanlar təmsil olunur. Bu partiyaların arasında isə bəzən ciddi fikir ayrılıqları və ziddiyyətlər yaranır. Ənənəvi sağ və sol qanad partiyaların təsirinin zəiflədiyi bir dövrdə yeni siyasi qüvvələr meydana çıxır və seçicilərin dəstəyini qazanmağa çalışır. Nəticədə, parlamentdə güclü bir çoxluğun formalaşması çətinləşir və koalisiya hökumətlərinin yaranması labüd olur. Lakin koalisiya hökumətləri, xüsusilə də zəif və ya qısaömürlü koalisiyalar, qərarların qəbul edilməsini və qanunvericilik prosesini yavaşladır. Bu isə Fransa parlamentində mövcud olan qeyri-müəyyənliyin əsas səbəblərindən biridir".

Müsahibimiz diqqətə çatdırıb ki, son illər Fransa siyasi sistemində ifrat dəyişikliklərə gedilir. Digər bir səbəb kimi bu məsələni də qabartmaq olar:

"Fransa parlamentindəki mövcud vəziyyətin struktur dəyişikliklərindən qaynaqlandığını vurğulamaqla yanaşı, bu dəyişikliklərin əslində siyasi sistemi zəiflətdiyini tənqid etmək vacibdir. Emmanuel Makronun "La République En Marche!" hərəkatının yüksəlişi və ənənəvi partiyaların zəifləməsi, ilk baxışda Fransanın siyasi sisteminə dinamizm və yeni enerji gətirmiş kimi görünə bilər. Lakin bu dəyişikliklər siyasi sistemin stabilliyini qorumaq əvəzinə onu daha da qeyri-sabit edib. Makronun hərəkatı ənənəvi siyasi quruluşu dağıdaraq güclü və ardıcıl bir siyasi platforma yaratmaq əvəzinə, seçicilər arasında daha dərin bölünmələrə səbəb olub".

Kazım Kazımov hazırda Fransada ardıcıl siyasət yürüdülməsinin çətin olduğunu vurğulayıb:

"Bu vəziyyətin daha bir mənfi tərəfi odur ki, yeni siyasi qüvvələr sistemli və ardıcıl bir siyasət yürütməkdə çətinlik çəkir. Makronun hərəkatı sürətlə yüksələn, lakin eyni zamanda təcrübəsiz və qeyri-müəyyən strategiyalarla xarakterizə olunur. Bu hərəkat siyasi sistemin mərkəzində qərarlaşsa da, onun uzun müddət uğurlu olub-olmayacağı sual altındadır. Yaranmış siyasi boşluq radikal və marjinal qrupların güclənməsinə şərait yaradıb. Bu qruplar siyasi diskursu kəskinləşdirir, parlamentdəki qarşıdurmaları daha da dərinləşdirir. Nəticədə, Fransa siyasətində sabitlik yerini qeyri-müəyyənlik və konfliktlərlə gündəmə gəlir".

Son olaraq politoloq Fransada islahatlara gedilməsinin zəruri olduğunu deyib:

"Fransa siyasi sisteminin tənzimlənməsində ciddi islahatların həyata keçirilməsi zəruridir. Lakin bu islahatlar, yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmamalıdır. Baş verənlər siyasi mədəniyyətin və dəyərlərin yenidən formalaşdırılmasını tələb edir. Seçicilərin etimadını qazanmaq üçün siyasətçilərin daha səmimi, şəffaf və ardıcıl olmasına ehtiyac var. Əks halda, Fransa parlamentindəki qeyri-müəyyənlik davam edəcək və ölkənin siyasi sistemi daha da zəifləyəcək. Bu isə nəinki Fransa üçün, həm də Avropa və dünya üçün ciddi fəsadlara səbəb ola bilər".

Əli Hüseynov


SON XƏBƏRLƏR

13 Sentyabr 2024