• Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Maşınlarda plyonka problemi həllini tapdı: Burda bir qərəz vardı

CƏMİYYƏT

24 Yanvar 2023 | 14:17

Maşınlarda plyonka problemi həllini tapdı: Burda bir qərəz vardı

“Baş nazirin imzaladığı qərarı, yəqin ki, təkcə mən yox, yüz minlərlə sükan arxasında oturan Azərbaycan vətəndaşı alqışlayır”.

Bunu Bakıvaxtı.az-a  hüquq müdafiəçisi, sabiq deputat Çingiz Qənizadə Nazirlər Kabinetinin maşınların şüşələrinə qara örtüklərin çəkilməsi qaydasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu məsələdə bir boşluq var idi: “Bəlkə də, boşluq deyil idi, qərəz vardı. Vaxtilə heç bir səbəb olmadan avtomobilin arxa və yan şüşələrinə qara örtüklərin vurulmasına məhdudiyyətlər tədbiq edilmişdi. Baxmayaraq ki, beynəlxalq konvensiyalara görə bu cür hallara icazə verilirdi, Azərbaycanda nəinki icazə vermək, hətta zavod istehsalı olan avtomobillərin ölkəyə gətirilməsi zamanı çox primitiv, heç bir hüquqa sığmayan formada məcbur edirdilər ki, zavod istehsalı şüşələr çıxarılsın. Maşınları cərimə meydançasına aparıb bunu edirdilər. Ona görə, qanunda dəyişiklik edilməli idi. Mən də parlamentdə olarkən uzun illər bununla bağlı çıxışlar etdim, Avropa normativlərini xatırlatdım. İsti iqlimin nümayəndələri kimi günəşdən qorunmaq üçün buna qadağaların qoyulmasının başa düşülməzliyini dəfələrlə mətbuat və təşkilatlarla görüşlərdə işıqlandırdım. Şükürlər olsun ki, sonralar bu məsələdə müəyyən addımlar atıldı”.

Sabiq deputat vurğulayıb ki, Baş nazirin imzaladığı qərar bütün bu məsələlərə son qoydu: “İndi hər bir vətəndaş biləcək ki, hansı addımları ata, avtomobilin şüşələrinə necə örtüklər vura bilər. Əvvəllər zavod istehsalı olan şüşənin yuxarı 15 sm-lik hissəsində örtük olurdu, ona belə icazə verilib. Bu baxımdan, mən bu qərarı alqışlayıram”.

Bununla yanaşı, Ç.Qənizadə sürücülərə tövsiyə edirki, verilmiş qərardan sui-istifadə etməsinlər. Deiyinə görə, bəzən görürsən ki, təksə arxa yan şüşələrə yox, sürücünün olduğu şüşələrə də bu cür örtüklər vurulur: “Hətta ön şüşəyə örtük vurma cəhdləri də görmüşük. Ona görə, Nazirlər Kabinetinin qərarına hörmət əlaməti olaraq hər kəs qərara uyğun addım atmaqla özünün istək və arzularının reallaşdığının şahidi ola biləcəklər. Belə hesab edirəm ki, gec də olsa bu qərar Azərbaycan xalqının, xüsusən də avtomobil istifadə edənlərin nigaranlıq və narahatlıqlarına son qoymuş oldu”.

Xatırladaq ki, Nazirlər Kabineti maşınların şüşələrinə qara örtüklərin çəkilməsi qaydasını təsdiqləyib.

Belə ki, baş nazir Əli Əsədovun qərarına əsasən, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:

- minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;

- yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.

Qeyd edək ki, bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minəcək.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Aprel 2024