Elektronika və məişət texnikası mağazalar şəbəkəsi olan Maxi.az-ın sosial şəbəkə səhifələrində paylaşdığı sonuncu post etirazla qarşılanıb.
Bakıvaxtı.az xəbər verir ki, buna səbəb şirkətin 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili Gününü rus və ingilis dillərində təbrik etməsi olub.
Qeyd edək ki, bu günün təsis edilməsində məqsəd Azərbaycan dilini, milli adət və ənənələrini unutmamaq, onu təbliğ etməkdir.
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir.
Qeyd edəki, bir müddət öncə də Maxi.az şirkəti irqçilikdə ittiham olunmuşdu. Belə ki, Afrikanın azadlıq gününə həsr olunan çarxda qara dərili aparıcı Xose Bernardo çəkilmiş və bayramla əlaqədar müştərilərə seçilmiş qara rəngli məhsullara 50 faiz endirim təklif edilmişdi. Sosial şəbəkə istifadəçiləri isə bu reklamı birmənalı qarşılamayıblar.
İbRa






