Havaların dəyişməsi ilə mövsümi infeksiyaların artdığı bir dövrdə meningit xəstəliyi ilə bağlı mütəxəssislərdən xəbərdarlıq gəlib.
Bakıvaxtı.az bildirir ki, mütəxəssislər bu xəstəliyin vaxtında aşkarlanmadığı və düzgün müalicə olunmadığı təqdirdə ciddi fəsadlara səbəb ola biləcəyini bildirirlər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən həkim-nevroloq Rəna Abbasova bildirib ki, meningit baş beynin yumşaq qişalarını zədələyən kəskin yoluxucu xəstəlikdir. Xəstəliyin əsas törədiciləri bakteriyalar və viruslardır. Bundan əlavə, göbələklər, mikroplazmalar və helmintlər də bu xəstəliyə səbəb ola bilir.
Onun sözlərinə görə, xəstəliyi törədən bakteriya və viruslar orqanizmə burun, udlaq və bağırsaq vasitəsilə daxil olaraq qana keçir, daha sonra hematogen yolla beyin qişalarına yayılır.
Həkim qeyd edib ki, meningit beyin qişalarında yaratdığı iltihabın xarakterinə görə iki qrupa - irinli və seroz meningitlər - ayrılır.
“İrinli meningitlər əsasən bakteriyalar tərəfindən törədilir. Seroz meningitlər isə daha çox virus mənşəli olur. Eyni zamanda vərəm mənşəli seroz meningitlərə də rast gəlinir”, - deyə o əlavə edib.
Rəna Abbasova, həkim-nevroloq
Həkim-nevroloq meningit zamanı insan orqanizmində baş verən simptomlara da nəzər yetirib:
“Xəstəlik həm ümumi infeksion əlamətlərlə - halsızlıq, qızdırma, əzələ ağrısı, iştahsızlıq, həm də beyinlə bağlı spesifik əlamətlərlə - kəskin qusma, ürəkbulanma və şiddətli baş ağrıları ilə müşahidə olunur. Bu baş ağrıları, adətən, beyindaxili təzyiqin artması ilə bağlıdır”, - Rəna Abbasova qeyd edib.
Onun sözlərinə görə, yeni doğulmuş körpələrdə, azyaşlılarda və yaşlı insanlarda bu əlamətlər fərqli şəkildə özünü göstərə bilər:
“Uşaqlarda xəstəlik qıcolma və yüksək hərarətlə müşayiət oluna bilər”.
Müsahibimiz qeyd edib ki, vaxtında diaqnoz qoyulmaması, müalicəyə gec başlanması və ya ümumiyyətlə həkimə müraciət olunmaması xəstəliyin ağır fəsadlara gətirib çıxarmasına səbəb ola bilər.
“Mövsümi xəstəliklər dövründə qorunmaq, maskadan istifadə etmək, infeksion xəstələrlə təmasdan uzaq durmaq və immun sistemini gücləndirmək vacibdir”, - deyə Rəna Abbasova əlavə edib.
Nuriyyə Musayeva