Azərbaycanda bu ilin 3-cü rübündə mənzilərin dəyəri ötən ilin eyni dövrünə nisbətən 5,5 faiz artıb.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müqayisə olunan dövrdə ilkin bazarda qiymətlər 6 faiz, təkrar bazarda 5,5 faiz artıb.
2022-ci ilin geridə qalan dövrü ərzində isə mənzillərin dəyəri 5,1 faiz yüksəlib. Bu dövrdə də ən yüksək qiymət artımı ilkin mənzil bazarında olub. İlkin mənzil bazarında bahalaşma 5,7 faiz, təkrar mənzil bazarında 5,1 faiz olub.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakı şəhərinin xüsusən mərkəz hissələrində yeni tikili binalardakı daşınmaz əmlakların qiymətləri ilbəil kəskin surətdə artır: “Təxminən, 15-18 il əvvələ baxsaq, şəhərin hər hansı bir ərazisində yeni tikili binada təmirsiz mənzilin bir kvadratmetri 300-400 manat idisə, indi həmin ərazilərdə təmirsiz mənzil, təxminən, 1500-2000 manat arası dəyişir. Daha mərkəz ərazilərdə isə təmirsiz mənzilin 1 kvadratmettri 2500-3000 manata, hətta bəzi binalarda 4 min manata qədər dəyişə bilir”.
Onun sözlərinə görə, təbii ki, bu gün ümumi çoxluğu götürərək əhalinin alıcılıq qabiliyyətinə, insanların gəlirinə baxsaq, vətəndaşların aldığı minimal və orta əmək haqqı nəinki fantastik evləri almağa, hətta normal mənzildə kirayə yaşamağa belə bəs etmir: “Buna baxmayaraq, bu gün Bakı və Abşeronda, təxminən, 20 il ərzində 2 minə qədər yeni çoxmənzilli yaşayış binaları tikilib ki, bunların da 95%-i satılıb. Satılan mənzillərin böyük əksəriyyəti təkrar satış mənzillərdir. Yəni, zamanında nisbətən aşağı qiymətə alıb təmir ediblər, indi daha baha qiymətə satıblar”.
Ekspert qeyd edib ki, qiymətlər əlçatan deyil: “Qiymətlərin fantastik dərəcədə baha olmasına baxmayaraq, bu gün belə həmin binalara təlabat var. Əmlak bazarında həmin mənzillərin daima öz alıcıları olub, hələ də var. Hətta elan saytlarında baxanda 500, 600, 700 min manata təklif olunan 3-4 otaqlı mənzillərə rast gəlmək olur. Həmin elanların qısa bir müddətdə satışdan silinməsi onu deməyə əsas verir ki, bu mənzillər artıq satılıb. Əvvəlki illərdə bahalı mənzillərə tələbat daha çox Rusiyada yaşayan azərbaycanlılar tərəfindən olurdu. Onlar gəlib bu mənzilləri alır, orda qazandıqları kapitalı Azərbaycana yatırırdılar. Lakin pandemiyadan sonra, demək olar, bütün ölkələrdə, xüsusən də Rusiya və Azərbaycanda iqtisadi çöküşlər baş verdi ki, bu da orda yaşayan həmyerlilərimizin gəlirlərinə mənfi təsir göstərdi. Bu səbəbdən artıq Rusiyadan bura kütləvi pul axını baş vermir”.
Müsahibimiz deyir ki, xüsusən də, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadan Azərbaycana gəlib əmlak alanların sayı daha azdır. Yəni, alıcıların böyük hissəsi artıq Azərbaycana deyil, digər ölkələrə, xüsusən də qonşu Türkiyəyə yatırım edirlər: “Türkiyədə əmlakların qiymətlərində son bir il ərzində həm artım, həm də Türkiyənin turistik zonalarına kütləvi surətdə axın baş verdi. Türkiyədə 2022-ci ilin ilk ayından bu günə qədər, orta hesabla, hər ay, təxmini, 100 mənzil sırf Azərbaycan vətəndaşları tərəfindən alınır. Təbii ki, orda mənzilləri kirayə vermək daha rahatdır. Orada vətəndaşlara təklif edilən evlərin daha böyük komfortu olduğuna görə axın çoxdur”.
E.Fərzəliyev hesab edir ki, Azərbaycanda yeni tikili binalarda mənzillərin qiymətinin artması bir müddət davam edəcək. Ekspert qiymətlərin düşməsinə bir əsas olmadığını bildirib: “Əsas səbəb odur ki, bu gün paytaxt ərazisində çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələri yoxdur və qiymətlər fantastik bahadır. Digər tərəfdən də, tikinti materiallarının qiymətlərinin artması yeni tikili binalarda növbəti qiymət artımından xəbər verir. Qiymətlərin düşmə ehtimalı çox aşağıdır. Binaların tikintisi üçün yararlı torpaq sahələri olmadığından şirkətlər bunu pilot layihələr üzərindən edir. Yəni, köhnə istismar müddətini bitirmiş binaları sökərək yerinə yenisini tikirlər. Bu da xərci bir qədər də artırır. Çünki şirkətlər həmin mənzil sakinlərinə binanı tikib bitirənə qədər kirayə pulu ödəyirlər, sakinlərə o binadan mənzil verirlər”.
Onun sözlərinə görə, bu kimi hallar mənzillərin qiymətinin artmasına gətirib çıxarır: “Təbii ki, burda hər hansı bir dövlət layihələri olar, yəni, dövlət sifarişləri ilə tikilərsə, xərclər nisbətən aşağı düşər. Tikinti şirkətlərinə güzəşt, müəyyən vergilərdən azad olma və hansısa bir torpaq sahələri verərlərsə, qiymətlər düşər. Təcrübəyə baxsaq, Mənzil İnkişafı Dövlət Agentliyinin inşa etdiyi sosial mənzillərdə qiymətlər ərazisinə görə çox ucuzdur. Çünki torpaq sahəsi dövlət tərəfindən verilib. Müəyyən güzəştlər olunduğuna görə, burda tikintinin maya dəyəri çox aşağıdır. Bakının ən gözəl layihələrindən biri olan Ağ şəhər layihəsində də ərazisinə görə qiymətlər baha deyil. Çünki həmin ərazini də dövlət alıb, layihələr hazırlayıb tikinti şirkətlərinə verib. Bu baxımdan, tikinti şirkətlərinin xərci digər özəl sektora nisbətən çox aşağı düşüb”.
Ekspert deyib ki, köhnə tikili binaların da qiyməti artıb, insanlar istismar müddəti bitmiş binalardan məznillər alırlar: “Bunun da səbəbi odur ki, həm kirayə qiymətləri artdı, həm də düşündülər ki, Rusiyada səfərbərlik olduğu üçün ordan bura axın olacaq. Ancaq bu mənzillər ölü kapitaldır və düşünülənin əksi oldu, Rusiyadan Azərbaycana axın olmadı. Gələnlər də burda çox minimal sayda ev aldılar. Çünki orda yaşayanların Bakıda çox sayda əmlakları var. Düşünürəm ki, yeni tikili binalarda qiymət enməsinə hələ ehtimal olmasa da köhnə binalarda üzümüzə gələn ilin birinci yarısına qədər ciddi enmələr müşahidə oluna bilər”.
Aytac Aslan









jpg-1668837921.webp)






