• Bakı 22° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 0.0183

Torpağın altındakı düşmənlə mübarizə ağır şəkildə davam edir -AÇIQLAMA

CƏMİYYƏT

18 Sentyabr 2024 | 11:40

Torpağın altındakı düşmənlə mübarizə ağır şəkildə davam edir -AÇIQLAMA

Ötən həftə ərzində 1115 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatında yer alıb.

ANAMA-dan bildirilib ki, sentyabrın 9-dan 15-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 44, tank əleyhinə 15 mina və 690 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumiyyətlə, 1991-ci ildən kimi 3400 nəfərdən artıq minadan zərərçəkən qeydə alınıb ki, onlardan 359 nəfəri gənc və yeniyetmə, 38 nəfəri isə qadınlardır.

Ərazilərimiz düşmən tapdağınnan xilas olsa da, minalardan əziyyət çəkməkdə davam edirik.

Bu istiqamətdə hansı işlər görülür? Minaların təmizlənməsi işləri qənaətbəxşdirmi?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu bildirib ki, ermənilərin mina terroru hələ də davam edir və xəsarətlər, itkilər barədə tez-tez məlumatlar alırıq.

R.Kərimoğlunun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çox böyük mina sahələri var və təxminən 1 milyon civarında mina və partladıcı qurğular olduğu ehtimal olunur.

Rey Kərimoğlu: Azərbaycan öz imkanları daxilində mina təmizləmə işlərini yüksək səviyyədə aparır

Azərbaycanın qısa vaxtda bunu təmizləyib qurtarmaq imkanına malik olmadığını, ağır və böyük vəsait tələb edən bir proses olduğunu deyən müsahibimiz nəzərə çatdırıb ki, bütün bunlara baxmayaraq ANAMA tərəfindən xeyli ərazilər təmizlənib, çox böyük işlər görülüb və bu proses davam edir:

“Torpağın üstündəki düşmənlə aparılan mübarizə başa çatıb, amma torpağın altındakı düşmənlə mübarizə ağır şəkildə davam edir”.

Müsahibimiz Azərbaycan mina təmizləyənlərinin həqiqətən də böyük bir fədakarlıq göstərdiklərini, gecə-gündüz demədən havanın bütün şəraitlərində işlədiklərini qeyd edib və mina təmizləmənin çox ağır bir proses olduğunu vurğulayıb.

“2020-ci ildən bu yana ümumilikdə 379 nəfər azərbaycanlı minaya düşüb. Onlardan 70 nəfəri vəfat edib”.

Dünya ictimaiyyətinin, dünyanın böyük təşkilatlarının mina təmizləmə işlərinə dəstək vermələrini arzu edən həmsöhbətimiz bildirib ki, çox böyük maliyyə dəstəyinə ehtiyac var və Azərbaycan bu sahədə yenədə beynəlxalq təşkilatlar tərəfindən tək buraxılıb:

“Azərbaycan öz imkanları daxilində işğaldan azad edilmiş ərazilərdə mina təmizləmə işlərini yüksək səviyyədə aparır. Eyni zamanda mina təmizləmə istiqamətində maarifləndirmə işləri aparılır. Amma bu işə ümumilikdə dünya dəstək verməli olsa da, nə həm maliyyə, nə də texniki dəstək verir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR