Xəbər verdiyimiz kimi, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.
Mövzu ilə əlaqədar siyasi təhlilçi Aqşin Kərimov fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
A.Kərimov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunması məlumatını prezident İlham Əliyev Çində olan vaxt təqdim etdi.
“Bu, Azərbaycan-Çin əlaqələri baxımından simvolik məna yükünə malikdir, ehtimalla Pekinin qlobal nizamda yüksəlişi fonunda Bakının vaxt seçimi təsadüfi deyildi.
ATƏT-nin Minsk qrupunun ləğvi beynəlxalq əlaqələrdə dövlətlər arasında güc, strategiya və hakimiyyətlərin yenidən təşkilatlanmasının getdiyi zamanda baş tutdu”,-deyə o əlavə edib.
Analitik qeyd edib ki, Azərbaycan bu prosesdə öz möhürünü vuraraq köhnəlmiş və qeyri-funksional sistemlərin bir parçası olan institutun ləğvinə nail olur.
“Bununla da prezident İlham Əliyevin özlərini ayrıca qütb kimi təqdim edən güc mərkəzlərinə, əsasən də, Minsk qrupu formatında ABŞ, Rusiya və Fransaya qarşı çoxgedişli kombinasiyasının xarakteri açılır.
Minsk qrupunun ləğvi Azərbaycanın qlobal nizamın format olunmasındakı rolunu qabardır. Ola bilsin ki, bunun məntiqi davamı gələcək. Ehtimalla Azərbaycanın strategiyası ATƏT strukturunun ləğvi ilə məhdudlaşmayaraq perspektivdə əlavə məsələləri gündəmə gətirəcək. Gümanla, Azərbaycan Çinlə birlikdə beynəlxalq əlaqələrdə münaqişələrin tənzimlənməsində ortaya çıxaraq nəticə əsaslı həll proseslərinə start verəcək”.
Aqşin Kərimov: Azərbaycan qlobal idarəçilik istiqamətində çoxşaxəli strategiya həyata keçirən aktor kimi diqqət mərkəzinə düşür
Müsahibimiz bildirib ki, Azərbaycanın Ermənistanla münaqişəyə son qoymaq qabiliyyəti, üstəlik müxtəlif qarşıdurma tərəflərinin arasındakı vasitəçilik potensialı yəqin ki, Çinin geosiyasi maraqları ilə uyğunlaşacaq:
“Çünki Çin də ABŞ və Rusiya təsirlərinə alternativ güc kimi çıxış edir və beynəlxalq sistemdə yeni modellərin təşəkkül tapmasında maraqlı görünür. Lakin Azərbaycan hazırda daha diqqətli, ehtiyatlıdır, çünki Çinin həll edilməmiş Tayvan problemi mövcuddur. Azərbaycan Çinlə beynəlxalq təsisatlara ortaq maraqlardan çıxış edərək aydın şəkildə yanaşması Tayvan məsələsinin həllindən sonra özünü büruzə verə bilər”.
O yekunda bildirib ki, istənilən halda, Azərbaycan qlobal idarəçilik istiqamətində çoxşaxəli strategiya həyata keçirən aktor kimi diqqət mərkəzinə düşür.
“Bu proses ATƏT-in qurumlarının ləğvi ilə sürət götürür, Bakı bundan sonra alternativ institutlar və modellər yaratmağa səy göstərə bilər”,-deyə Aqşin Kərimov fikrini yekunlaşdırıb.
Aydın Baxış