• Bakı 13° C

    0.33 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1258

Moskvanın Paşinyan dilemması: Rusiya üçün “tanış qərbpərəst” daha sərfəlidir

SİYASƏT

30 Oktyabr 2025 | 17:00

Moskvanın Paşinyan dilemması: Rusiya üçün “tanış qərbpərəst” daha sərfəlidir

"Rusiya üçün bu gün Ermənistan prioritet deyil. Bu, açıq şəkildə görünür. Çünki Ukraynadakı vəziyyət Rusiyanın bütün diqqətini, imkan və resurslarını bu müharibəyə yönləndirməyə vadar edir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli deyib.

Onun fikrincə, Paşinyanın atdığı addımların siyasi tərcüməsi də ondan ibarətdir ki, sanki Rusiyaya, Putinə bir mesaj verir:

"Sanki Paşinyan Kremlə deyir ki, "Ermənistandan nə gözləyirsizsə, onu etməyə hazırıq, buna görə yeni qüvvə axtarışına ehtiyac yoxdur". Həqiqətən, son illər iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər sürətlə artır. Heç kimə sirr deyil ki, Ermənistan Rusiyanın bəzi sanksiyalardan yayınmasına kömək edən mərkəz rolunda çıxış edir. Qiymətli daş-qaş, qızıl ixracatına baxsaq, aydın olar ki, Ermənistanda o qədər qiymətli daşlar, metallar yoxdur. Rusiya bu malların Ermənistan üzərindən ixracını Ermənistan üzərindən həyata keçirir. Ən böyük alıcı da Belçika şirkətidir. Heç kim də buna səs etmir, çünki bu ticarət Avropaya lazımdır. Rusiyanı da bu, hələlik qane edir”.

Müsahibimizin dediyinə görə, Kremlin siyasi mühəndisləri görürlər ki, açıq şəkildə Ermənistanda hansısa siyasi partiyanı dəstəkləsələr, cəmiyyət tərəfindən xoş qarşılanmayacaq. Ermənistan cəmiyyəti son proseslərdə Rusiyanı daha çox günahlandırır.

Həmsöhbətimiz vurğulayıb ki, Moskva fərqindədir ki, bu gün Paşinyana ruspərəst yox, özü kimi qərbpərəst qüvvə qarşı çıxa bilər:

"Hətta Paşinyanın alternativləri daha sərt formada anti-Rusiya siyasəti yeridə bilərlər. Yəni Rusiyanın üz-gözü Paşinyana öyrəşib. Ona görə də indiki hökumətə dəstək verməyə davam edirlər. Bəzi marginal qruplar avro-inteqrasiyanı sərt şəkildə tələb edir, Rusiyanın hərbi bazalarının oradan çıxarılmasını istəyir, sərhədlərdən rus əsgərlərinin getməsini vurğulayır. Bunlar daha çox gənclər, QHT sektorunda olan şəxslərdir. Amma onların oturuşmuş strukturu yoxdur, partiya kimi formalaşmayıblar”.

Natiq Cəfərli: Paşinyanın alternativləri daha sərt formada anti-Rusiya siyasəti yeridə bilərlər

N.Cəfərli bildirib ki, Rusiya Ermənistan iqtisadiyyatında hegemondur. Ermənistanın 70 faiz şirkəti ya birbaşa Rusiyanındır, ya da rusların iştirak payı böyükdür:

“Dəmiryolları, elektrik enerjisinin və qazın istehsalı, paylanması, mobil rabitə, böyük banklar rusların əlindədir. Ona görə də cəmiyyət daha kəskin anti-Rusiya mövqeyini qəbul etmir".

Aydın Baxış


SON XƏBƏRLƏR