Məlum olduğu kimi, Prezidentin köməkçisi Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahında müttəfiq dövlətlərin nümayəndələrinin qatıldıqları “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Hikmət Hacıyev müttəfiq dövlətlərin nümayəndələri ilə Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyəti, perspektivləri və digər məsələlər barədə geniş müzakirələr aparıb.
NATO Parlament Assambleyası nümayəndə heyətinin üzvü Kamran Bayramov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanla NATO arasında əlaqələr hələ 1992-ci ildə qurulub:
“Azərbaycan Şimali Atlantika Əməkdaşlıq Şurasına1992-ci ildə üzv qəbul olunub və 1997-ci ildə Azərbaycanın NATO-dakı nümayəndəliyi təsis edilib. Bu müddət ərzində hazırkı vaxta qədər Azərbaycanla NATO arasında çox səmərəli, məhsuldar əməkdaşlıq əlaqələri qurulub.
Azərbaycan Silahlı Qüvvələrinin NATO standartına uyğun qurulması prosesi başlanılıb. Eyni zamanda Azərbaycan NATO-nun bir sıra layihələrində iştirak edib. Eyni zamanda NATO sülhməramlı əməliyyatların tərkib hissəsi olaraq Azərbaycan, Əfqanıstan, İraq və Kosovo sülhməramlı missiyalarında öz hərbçiləri qismində də iştirak edib”.
O qeyd edib ki, bu baxımdan Prezidentin köməkçisi Hikmət Hacıyevin bu günlərdə Brüsseldə “NATO+ Azərbaycan” formatında müzakirələrdə iştirak etməsi Azərbaycan- NATO əlaqələrinin daha da inkişaf etdirilməsi, əməkdaşlığın daha da genişləndirilməsi işinə öz töhfəsini verib:
“Hikmət Hacıyev NATO baş katibinin köməkçisinin müavini Ceyms Apaturayla, NATO-nun, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kala Mina və digər rəsmi şəxslərlə görüşlər keçirilib. Maraqlı bir məqam odur ki, bu görüşlərdə müzakirələr Azərbaycan NATO əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə məhdudlaşmayıb, daha geniş formada müzakirələr aparılıb”.

Kamran Bayramov: Görüslər də göstərir ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi qəbul oluna bilər
K.Bayramov görüşün gündəliyi barədə də məlumat verib:
“Azərbaycanın Avropanın tərəfdaşı olması, enerji sahəsində əməkdaşlığı, eyni zamanda Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 konfransına hazırlıq məsələləri və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə verdiyi töhfələr barədə danışılıb. Bununla yanaşı, prezidentin köməkçisi öz həmsöhbətlərinə hazırda regionda baş verən hadisələr, xüsusilə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərdən, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesinin tərəqqisi barədə məlumat verib”.
Deputat qeyd edib ki, bütün bu məsələlər, məlumatlar, müzakirələr, NATO-ya üzv olan dövlətlərin səlahiyyətli nümayəndələri, təmsilçiləri tərəfindən yüksək qiymətləndirilib:
“Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək bildirilib. Bu görüşlər və müzakirələr ondan xəbər verir ki, Azərbaycanla NATO arasında əməkdaşlıq yüksək səviyyədədir və Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi qəbul oluna bilər. Düşünürəm ki, gələcəkdə də Azərbaycanla NATO arasında müxtəlif layihələr, formatlar çərçivəsində əməkdaşlığımız işbirliyimiz davam etdiriləcək”, - deyə Kamran Bayramov fikirlərini yekunlaşdırıb.
Günel Abbas


jpg-1718362718.jpg)













