• Bakı 15° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Naxçıvana quru yolla gediş-gəliş: Ermənistan vaxtı uzatmaqla məşğuldur

SİYASƏT

25 Aprel 2024 | 09:33

Naxçıvana quru yolla gediş-gəliş: Ermənistan vaxtı uzatmaqla məşğuldur

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin ötən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Biz burdan Ermənistana müraciət etməliyik ki, Naxçıvana gediş-gəlişi bərpa etsin, sülh müqaviləsi imzalansın. Ermənistan xalqının yaxşı yaşaması qonşuları ilə yaxşı münasibətdən keçir. Bizim qonşumuz İran da Azərbaycana qarşı düşmənçilik münasibətini dəyişməlidir. Necə ki Ermənistanın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da yürütdüyü siyasətin nəticəsi olmayacaq. İran vaxtında düz yola qayıtsa yaxşı olar”, - deyə deputat qeyd edib.

Naxçıvana quru yolla gediş-gəlişin təhlükəsiz təmin olunması nə dərəcədə mümkündür?

Elman Nəsirov:  Regionda sabitliyin yaranması üçün geniş imkanlar pəncərəsi açılacaq

Deputat Elman Nəsirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bu prosesin məntiqi nəticəsi olaraq iki dövlət arasında sülh müqaviləsinin imzalanması imkanları kifayət qədər genişlənib:

“Ölkə prezidenti cənab İlham Əliyevin ADA-da keçirilən forumda qeyd etdiyi kimi, tərəflər heç bir zaman sülh müqaviləsinin imzalanmasına bu qədər yaxın olmayıblar. Xüsusilə də ikitərəfli formatda, yəni vasitəçilər olmadan aparılan danışıqlar uğurlu olub. Bir güllə belə atılmadan Qazax rayonun anklav olmayan 4 kəndi Azərbaycana qaytarılıb. Aprelin 19-da bu istiqamətdə razılaşma əldə edilib, ayın 23-dən artıq sərhəd dayaqlarının tikintisinə başlanılıb. Yeni əldə edilmiş razılaşmanın praktiki tədbiqi reallaşdırılmaqdadır. Nəticə etibarilə, bu hadisə digər iki prosesin başlanmasını və sürətlənməsini təmin edir. Bu, ilk növbədə, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələdir. İkincisi isə iki ölkə arasında nəqliyyat kommunikasiyalarının bərpası və bu fonda Zəngəzur dəhlizinin işə salınması ilə bağlıdır”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin işə salınması ilə bağlı Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib:

“Ermənistan ərazisində 45 kilometrlik yolun çəkilməyi qalıb. Burada Ermənistan bir qədər vaxtı uzatmaqla məşğuldur, hələki konkret addım atmır. Hesab edirik ki, məsələlər bir-bir həllini tapmaqdadır. Əmin olmaq olar ki, bu məsələ də tənzimlənəcək. Ermənistanın özünün blokadan çıxması üçün bu dəhliz vacibdir. Çünki bunun vasitəsilə Ermənistan Rusiya və İranla həm avtomobil, həm də dəmiryolu xətti ilə fəaliyyət göstərə biləcək. Təbii ki, bu, bizim üçün də strateji əhəmiyyətli layihədir. Naxçıvanın Azərbaycandan Zəngəzurun verilməsi hesabına ayrı düşməsi, quru yolunun olmaması türk dünyası ilə əlaqəni kəsib”.

Müsahibimiz inanır ki, bu dəhlizin işə düşməsi nəticəsində Azərbaycanın Naxçıvan ilə birbaşa quru əlaqələri yaranacaq. E.Nəsirov qeyd edib ki, Azərbaycan, eyni zamanda, Türkiyə ilə quru yolu vasitəsilə daha da güclənəcək. Bu, regionda uzunmüddətli sülh və sabitlik mühitinin yaranması üçün çox geniş imkanlar pəncərəsi açacaq.

Məhəmməd Əsədullazadə: Bu istiqamətdə Ermənistanla razılaşmalar mümkündür

Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində proseslər inkişaf edib. Onun sözlərinə görə, kəndlərin Azərbaycana qaytarılması iki dövlət arasında sülhün mümkünlüyünü gündəliyə çıxarıb:

“Artıq Milli Məclisdə də bununla bağı müzakirələr gedir, Azərbaycanın siyasi iradəsi olduğu qeyd olunur. Azərbaycan üçün də əsas məsələ Naxçıvana gediş-gəlişin təhlükəsiz təmin olunmasıdır. Ermənistan tərəfi bunu öz öhdəliyinə götürüb. Düşünürəm ki, parlamentdə bu məsələ müzakirə olunursa, deməli, Azərbaycan hakimiyyəti sülh müqaviləsinin bağlanmasında maraqlıdır”.

Politoloq qeyd edib ki, Naxçıvana gediş-gəlişin təhlükəsiz təmin olunmasında Ermənistanla razılaşmalar mümkündür:

“Bu yola 3-cü tərəf nəzarət etməməlidir. Bu, konkret olaraq Azərbaycan və Ermənistan tərəfindən tənzimlənməlidir. Düşünürəm ki, bunun üçün imkanlar var, iki dövlət arasında bu məsələ müzakirə oluna bilər. Rusiya və beynəlxalq güclərin təhlükəsizlik qüvvələrinin Naxçıvana gedən yolun üzərində yerləşməsi hər iki ölkənin maraqlarına cavab vermək üçün əsas faktordur. Fikrimcə, Zəngəzur yolu da açılacaq və Azərbaycan bu yoldan xüsusi imtiyazlarla iştirak edəcək. Bu, Azərbaycanın milli mövqeyidir, öz siyasətini bu istiqamətdə qurur”.

Aytac Aslan


SON XƏBƏRLƏR