Naxçıvanda mülki vətəndaşların istifadə etdiyi hava limanının İran tərəfindən dronla hədəfə alınması ciddi narahatlıq doğuran hadisə kimi qiymətləndirilir. Bu cür hücumlar təkcə regionda gərginliyi artırmır, eyni zamanda mülki infrastruktura qarşı yönəldiyi üçün beynəlxalq hüquq baxımından da ciddi suallar yaradır.
Dron hücumunun həyata keçirilməsi regionda təhlükəsizlik mühitinə təsir edən mühüm hadisə kimi müzakirə olunur. Bu baxımdan belə bir addımın beynəlxalq hüquq və təhlükəsizlik prinsipləri çərçivəsində necə qiymətləndirilməli olduğu və onun regiondakı sabitliyə hansı təsirləri göstərə biləcəyi aktuallaşır.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, bu məsələ ilə bağlı artıq Azərbaycan Prezidenti geniş şərhlər verib. Həmçinin müdafiə naziri və Xarici İşlər Nazirliyi tərəfindən də açıqlamalar səsləndirilib. Demək olar ki, bu bəyanatlar hadisənin həm hüquqi, həm də siyasi qiymətləndirilməsi üçün kifayət qədər aydın mövqe ortaya qoyur:
"Biz ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və Azərbaycan vətəndaş cəmiyyətinin bir hissəsi olaraq bu mövqeni dəstəkləməyə bilmərik. Çünki burada söhbət elə bir hadisədən gedir ki, əlavə şərhə demək olar ki, ehtiyac qalmır.
Bəzən hər hansı hadisə baş verəndə müxtəlif şərhlər, fərziyyələr və versiyalar ortaya çıxır. Lakin bu vəziyyətdə hadisənin mahiyyəti kifayət qədər aydındır. Hücumun baş verməsi də, onun İran tərəfindən həyata keçirilməsi də artıq məlum olan fakt kimi qiymətləndirilir".

İlqar Vəlizadə: Hücumun İran tərəfindən həyata keçirilməsi artıq məlum olan faktdır
Politoloq qeyd edib ki, Azərbaycanın texniki imkanları da bu məsələnin aydınlaşdırılmasına şərait yaradır. Bildiyimiz kimi, ölkənin kosmik müşahidə imkanları mövcuddur və hadisələri kosmosdan qeydə almaq, onları təhlil etmək imkanı var. Bu cür texniki vasitələr baş verənlərin dəqiq qiymətləndirilməsinə imkan verir:
"Ona görə də məsələ bir mənalı şəkildə İran tərəfindən həyata keçirilmiş hücum kimi dəyərləndirilir. Düşünürəm ki, bu hadisə ilə bağlı irəli sürülən tələblər də fərziyyələrə deyil, konkret faktlara və dəlillərə əsaslanır".
Eyni zamanda tələblərin yerinə yetirilməsi gözlənilir. Əgər belə olmazsa, Azərbaycan və İran arasında münasibətlər daha da gərginləşə və uzunmüddətli kritik mərhələyə keçə bilər. Bu isə, şübhəsiz ki, İranın da maraqlarına uyğun deyil".
Zeynəb Rzayeva
Bakı 




