Sergionun İnter Miamiyə transferi bir həftədir gerçəkləşib.
Busquets bir masterdir, futbolun içində olan insanların bəlkə də çox çətinlik çəkmədən sezə biləcəyi qədər böyük bir ustalığa sahibdir. Düzdür, ona "underrated" və yaxud "o qədər də yaxşı deyil" deyənlər də olub, fəqət bunlar, mənim fikrimcə, futbol korlarıdır. Yəni onların gözü scoreboardda qeydə alınan hesabı görür, futbolun dərinliyini yox. Busquetsin oyun içində etdiklərini xüsusi ilə də futbolun içində olan şəxslərin bir çoxu yüksək qiymətləndirir deyə bilərik. Məhz elə ispaniyalı yarımmüdafiəçi ilə eyni mövqedə ad salan Casemironun da dediyi kimi, "Son illərdə Neymar, Messi və Suarezin Barcelonanın uğurlarında çox adı çəkilir. Amma məncə, Busquets çox önəmli bir fiqurdur".
Casemiro elə özü də son 10 ilin önəmli defansif yarımmüdafiəçisidir. Türkiyədə "önlibero" ya da dünyada "defensive midfielder" adı ilə məşhurlaşan bu mövqedə bir vaxtlar Patrick Vieira hökm sürürdü. Ancaq illər ərzində onun bu mövqedəki hökmranlığı Sergio Busquetsə keçdi. Busquets həmyerliləri İniesta ilə Xavidən boyda xeyli uzundur, amma bu 3 oyunçunun hər biri son illərdə "İspan futbolu" ifadəsinin altında yatan mənanı özündə əks etdirir: Dəqiq, ağıllı və komanda şəklində güclü oyun.
Pas baxımından Busquets necə deyərlər, "manyak" bir performans ortaya qoyub. Elə son sezonda da pas dəqiqliyi 92%-dən çox olub. Yazımın başında demişdim, futbolun içində olanların çoxu Sergionu yüksək dəyərləndirir. Amma onun bu bacarıqlarını görməyənlərə nə mane olur?
Cavabı isə fədadır. Fəda.
Son mövsümlərdən birində gördüyüm statistikaya görə, Sergio meydanda olanda Barcelona matçların ən az 75%-də qalib gəlir, pas dəqiqliyi, hücum ilə müdafiə arasında balansın qorunmasında problem çox az olur. Busquets meydanda olmadıqda isə nəsə çatışmır. Bu, Sergionun özünü fəda etməsidir. Çünki Busquets illər boyu hücum ilə müdafiə arasında körpü rolunu oynayıb. Müdafiədən hücuma keçməkdə böyük rol oynayıb. Komandanı müdafiədən çıxarıb hücuma, ya da lazım gəldikdə hücumu sakitləşdirib komandanı arxa xəttə çəkib. Topu həmişə kimdənsə alıb bir digərinə verib. Dəqiq paslar, oyun balansının qurulması və müdafiə ilə hücum xətti arasında əlaqə vasitəsi olmaq. Bunların nəticəsidir ki, hər nə qədər böyük oyunçu olsa da, İspan yarımmüdafiəçi Barcelonadakı 722 oyunda sadəcə 18 qol ata bilib. Çünki müdafiənin irəlisində, yarımmüdafiənin ən arxasında, lazım olduqda ehtiyac duyulan yerdə qərarlaşıb bu futbolçu. Özü qol atmasa da, meydanda sistemi işlədən mühərrik olmağı bacarıb Sergio. Busquets üçün "sistemin özəlləşdirdiyi oyunçu" deyildiyini eşitmişdim. Amma mənə görə Sergio Busquets həm sistemin özəlləşdirdiyi, həm də sistemi özəlləşdirən futbolçudur. Həm tiki-takaya adaptasiya olub, həm də komandasını öz oyununa adaptasiya edib. Həm sistemin tələblərini yerinə yetirib özünü sistemin vaz keçilməz parçası edib, həm də sistemin bu qədər yaxşı nəticə göstərməsinə səbəb olub. O özəl bir futbolçudur. Bəlkə də Xavi haqlıydı, bəlkə də həqiqətən Barcelona klub tarixinin ən ağıllı yarımmüdafiəçisini itirdi. Biraz Javi Martinezi bənzədirdim Busquetsə, elə o da İspan yarımmüdafiəsinin əməkdar təmsilçilərindəndir. Əvvəllər Pep də Busquetsə bənzər oyun tərzi ilə diqqət çəkib. Amma Guardiola belə futbolçuluq dönəmində onun kimi möhtəşəm deyildi. Meydanda kimiləri tərəfindən "brilliant!" kəlməsinə uyğun olacaq dərəcədə çətin və görülməsi çətin işləri görür, kimilərinə görə isə gözlə görünməyən, amma yenə də meydanda ən zəhmətli və məsuliyyətli işlərə qatlaşırdı 5 nömrə. Kataloniyanı son 15 ildə onsuz təsəvvür etmək heç də asan deyil...
Bəzilərinə görə bariz, bəzilərinə görə isə görünməz və gizli qəhrəman, ancaq kim nə deyirsə desin, futbolun və Kataloniyanın, İspaniyanın saf əfsanəsi, son illərdə formalaşmış "İspan futbolu" anlayışının əvəzolunmaz təmsilçisi. 722 oyun, 18 qol və 45 asist. Meydanda 56 min 758 dəqiqə.
Həmişə 2 futbolçu üçün "nə yaxşı ki azərbaycanlı olmayıblar" deyirəm.
Jamie Vardy və Sergio Busquets. İkisi də karyerasına gec yaşda başlamışdı. Biri çətin ki futbola girə biləydi, yəqin ki elə fabrikdə ilişib qalardı. Digəri isə böyük ehtimalla futbol zəkasına qiymət verilmədən, bu günlərdə “Neftçi”yə transfer olunan Qara Qarayevdən artıq bir karyeraya sahib olmadan sektoru tərk edəcəkdi. Axı o 15 ildə Mahir Emreli ilə Namiq Ələsgərovun bir mövsümdə attığı qədər qol atmış, Emin Mahmudovun isə maksimum 3-4 sezonda əldə etdiyi statistikaya bərabər bir statistika ortaya qoymuşdu. Amma nə yaxşı ki o bir Katalondur və bu gün öz mövqesində saysız kubok, mükafat, eyni zamanda xoş xatirələr ilə yadda qalan, əfsanələşmiş bir isimdir. Bu gün o əsl futbolun nə olduğunu bizə başa salan, gerçək futbol zəkasının öndə gedən təmsilçilərindən biridir...
Gracias por todo, Culer!
Gələk Jordi Albaya. O da “İnter Miami”nin üzvüdür artıq. David Alabanın “Real Madrid”də daha çox bir mərkəz müdafiəçisi olaraq oynaması və hal hazırda sol cinah müdafiəçisi kimi fəaliyyətini demək olar ki dayandırması, Jordi Albanı bütün rəqiblərindən üstə çıxardı. Son 10 ilin ən stabil sol cinah müdafiəçisindən danışırıq. Marcelo var idi. Amma artıq yoxdur. Türkiyədə bir söz var. "İyisin, hoşsun, güzelsin, kardeşim, ama..."
Əmması budur ki, Marcelo 2018/2019 mövsümünə fikrimcə, yaxşı başlamışdı. Amma Santiago Solari dövründə İsco, Gareth Bale və Marcelo kimi önəmli futbolçularla münasibətlər pisləşdi, bu oyunçuların heyətdə yer tapması çətinləşdi. Bu gün yekun nəticəyə nəzər yetirdikdə görürük ki, Solarinin dövründə bu futbolçulara elə bir "error" proqramı yükləyiblər ki, aradan ötən bir neçə ildə heç vaxt əvvəlki oyunlarını göstərə bilməyib və davamlı mübarizə aparmağı bacarmayıblar. Nisbətən Bale biraz özünə qayıtdı, amma indi söhbət Marcelodan gedir. Brazilyalı cinah müdafiəçisi gözə xoş gələn oyun oynayırdı, lakin 2019-cu ildən bəri bu performansını itirib. Andrew Robertson və Alphonso Davies kimi futbolçuların kimliyinin 10 il əvvəl futbol ictimaiyyətinə bəlli olmadığını da hesaba qatsaq, ortaya bir nətiçə çıxır: Jordi Alba öz mövqeyinin ən yaxşısıdır.
Onun haqqında çox yazmayacağam, oyununu görüb dəyərləndirənlər bilir ki, artıq sözə ehtiyacı olmayan bir futbolçudur. Xüsusilə son 10 ildə mövqeyinin ən yaxşısı olmağı bacardı, hər il yaşının üstünə yaş gəlsə də, sürəti, pası, komanda oyunu və hücuma verdiyi dəstək əksilmirdi. Messi - Alba ikilisi də futboldakı ən yaxşı ikililərdən idi. Bir sol cinah müdafiəçisi və Messi gibi bir hücumçu bir birlərini əla başa düşürdülər. Ümumiyyətlə, Alba bütün Barcelona futbolçularına dayaq olan, sol cinahda katalonların ürəyi halına gəlmiş bir ad idi. Sürətli idi, komanda oyunçusu idi, pasları, yeri gəldikdə qolları və hücuma verdiyi dəstək komandanı meydanda rəqiblərinə qarşı üstün hala gətirirdi. Barcelona formasıyla 459 oyun, 27 qol və 99 qol ötürməsi. Nəyin ki oyunun içində, elə statistikalarda da bir o qədər məhsuldar müdafiəçidir Jordi Alba. İspaniya milli komandasının da illər boyu ən etibarlı futbolçularından biri, milli komandanın hazırki kapitanı və bunu bacaran bir kataloniyalı. Jordi Alba haqqında bu qədər. Dünyada ondan daha yaxşı bir "left back" yoxdur.
Adiós, Culer!
Fateh Nazimoğlu
Bakıvaxtı.az
















