"Uşağın sağlam psixoloji və fiziki inkişafı üçün əsas amil oyuncağın sayı deyil, onun böyüdüyü mühit və sosial münasibətlərdir".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı nazirliyin “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, standart oyuncaqlar olmasa belə, uşaqlar öz təxəyyülləri sayəsində oyun qurmağı bacarırlar.
Psoxoloq bildirib ki, uşaq daş, taxta, torpaq və digər əşyalar vasitəsilə müxtəlif obrazlar yarada bilir. Oyuncağın olmaması uşağın psixoloji və fiziki inkişafını məhdudlaşdırmır:
"Əsas olan uşağın ətraf mühit, təbiət, müxtəlif əşyalar və böyüklərlə ünsiyyətdə olmasıdır”.
Elnarə Baxışlı qeyd edib ki, oyuncaqlar uşaqlar üçün sevindirici olsa da, onların mövcudluğu təkbaşına sağlam inkişafın təminatı deyil.
“Uşağın çoxlu oyuncağının olması onun xoşbəxt və sağlam inkişaf edəcəyi anlamına gəlmir. Əgər uşaq ailədə mənfi emosional münasibətlərlə qarşılaşırsa, bu, inkişafına daha ciddi təsir göstərə bilər. Digər tərəfdən, həddindən artıq çox oyuncaq diqqətin dağılmasına və fantaziyanın məhdudlaşmasına səbəb ola bilər”, – deyə o vurğulayıb.
Psixoloq əlavə edib ki, oyuncağın olmaması yalnız uşağın fiziki aktivliyinin, yaşıdları və böyüklərlə ünsiyyətinin məhdudlaşdırıldığı, eləcə də emosional cəhətdən sağlam olmayan mühitdə problem yarada bilər.
Zeynəb Rzayeva
Bakı 



