Çin Kommunist Partiyasının Sincan Uyğur Muxtar Rayonu regional komitəsi katibinin keçmiş müavini Li Pensin 822 milyon yuan (təxminən 114,3 milyon ABŞ dolları) rüşvət almaqda təqsirli bilinir.
Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, sabiq məmur haqqına başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, 1999-2023-cü illərdə Çinhay əyalətində, Daxili Monqolustan və Sincan Uyğur muxtar rayonlarında müxtəlif vəzifələrdə çalışarkən fərdi şəxslər və şirkətlərə biznes fəaliyyəti üçün qanunsuz yollarla daha yaxı şərait yaratmaq müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunur. Məhkəmə prosesində onun cinayət əməlləri sübuta yetirilib. Müttəhim cinayət əməllərini etiraf edib. Yaxın günlərdə hökm elan olunacaq.
Qeyd edək ki, Si Cinpin 2012-ci ildə Çin Kommunist Partiyasının rəhbəri seçildikdən sonra ölkədə korrupsiyaya qarşı genişmiqyaslı kampaniyaya başlayıb. Ötən müddətdə on minlərlə məmur edam cəzası da daxil olmaqla müxtəlif formada cəzalandırılıb. Onlar arasında nazirlər, qubernatorlar, merlər, partiya rəsmiləri, ali rütbəli hərbçilər, iri dövlət şirkətlərinin rəhbərləri də var.
Çin Kommunist Partiyasının 2022-ci ilin oktyabrında keçirilmiş 20-ci qurultayından bəri vəzifə səlahiyyətlərindən sui-istifadə və korupsiya halları üzrə 628 min nəfər barəsində intizam tədbiri görülüb, 20 nəfər haqqında cinayət işi açılıb.
Ötən il nazir müavini və daha yüksək səviyyəli 58 məmur haqqında partiya intizamını pozmağa görə təhqiqat aparılıb.