• Bakı C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Bacısını öldürməkdə təqsirləndirilən şəxs məcburi müalicəyə göndərilib

HADİSƏ

10 Yanvar 2025 | 11:45

Bacısını öldürməkdə təqsirləndirilən şəxs məcburi müalicəyə göndərilib

Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərovun verdiyi vəsatət əsasında alınmış psixiatrik rəy elan olunub.

    Məlum olub ki, təqsirləndirilən şəxs doğuş zamanı aldığı travma ilə əlaqədar uşaq ruhi dispanserində müalicə alıb.

    H.Kərimovun cinayət əməlini törədərkən anlaqlı vəziyyətdə olduğu müəyyən olub, lakin əməli törətdikdən sonra onda mövcud olan davranış pozuntuları kəskinləşdiyi üçün, məcburi müalicəyə cəlb olunması tövsiyə olunub.

    Dövlət ittihamçısı yenidən təqsirləndirilən şəxsin ekspertizaya cəlb olunması ilə əlaqədar vəsatət verib.

    Vəkil və zərərçəkənin hüquqi varisi olan atası təqsirləndirilən şəxsin daha öncə iki-üç dəfə ekspertizaya cəlb olunduğunu nəzərə alaraq, növbəti rəyə ehtiyac olmadığını bildiriblər.

    Həsən Kərimov da buna razı olmadığını söyləyib.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Daha sonra məhkəmə Həsən Kərimovun psixi problemlərini nəzərə alaraq anasının hüquqi nümayəndə olmasını təklif edib.

    Proses iştirakçıları bununla razılaşıb.

    Məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

    Dövlət ittihamçısı Həsən Kərimovun 16 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

    Zərərçəkənin hüquqi varisi çıxış edərək, H.Kərimovu bağışladığını bildirib və onun məcburi müalicəyə göndərilməsini xahiş edib.

    Təqsirləndirilən şəxsin vəkili çıxış edərək müdafiə etdiyi şəxsin psixoloji vəziyyətinin yarada biləcəyi təhlükənin nəzərə alınmasını, onun müalicəyə göndərilməsini xahiş edib.

    Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi də övladının məcburi müalicəyə göndərilməsini istəyib. Bildirib ki, H.Kərimov saxlanıldığı istintaq təcridxanasında mübahisə yaratdığı üçün üç dəfə otağı dəyişdirilib.

    Məhkəmə təqsirləndirilən şəxsin cəzadan azad edilərək məcburi müalicəyə cəlb edilməsi barədə qərar qəbul edib.

    Qeyd edək ki, 2023-cü il oktyabrın 12-də 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

    Xatırladaq ki, İlahə Kərimova ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi olub.


    SON XƏBƏRLƏR