“Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi İrəvana Azərbaycana qarşı ciddi siyasi dəstək almaq imkanı qazandıracaq. Lakin hər şeyə çarə var”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan da bu məsələdə fəal olmalıdır:
"Sovet İttifaqı dağılarkən Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB), Avrasiya İttifaqına və KTMT-yə daxil olmaqla bizə qarşı ikinci cəbhə açmağı hədəfləyirdi. Lakin Azərbaycanın sovet məkanındakı nüfuzu və türk respublikalarının dəstəyi ilə qarşı tərəfi neytrallaşdırmağa nail olduq. Hazırda Avropa İttifaqında sovet məkanında olduğu qədər təsir imkanlarına malik deyilik və bu məsələdə müəyyən axsaqlıqlar var”.
Vasif Əfəndiyev, siyası şərhçi
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya İli" elan olunduğunu xatırladan müsahibimizə görə, bu, həm də o deməkdir ki, bu il Konstitusiya islahatları keçirilə bilər:
“Yəni yeni dövrün tələblərinə uyğun Konstitusiya formalaşdırıla bilər. Fikrimcə, müasir tələblərlə ayaqlaşmaq üçün ilk növbədə parlamentli respublika sisteminə keçilməli və bələdiyyələrə geniş səlahiyyətlər verilməlidir. Gələcəkdə Avropa ailəsində bərabərhüquqlu tərəfdaş kimi təmsil olunmağımız üçün imkanları əldən vermək olmaz".
Qeyd edək ki, Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Layihə parlamentin müzakirəsinə göndərilib.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsi vətəndaş təşəbbüsü kimi parlamentin müzakirəsinə çıxarılıb, indi hökumət buna müsbət mövqe bildirməyi təklif edir. Mirzoyan qeyd edib ki, son illərdə Ermənistan və Aİ arasında kifayət qədər intensiv və dinamik əlaqələr var, bunlar müxtəlif, eləcə də təhlükəsizlik sektorunu əhatə edir.
Rusiya Ermənistanda Aİ-yə daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini respublikanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistanın Aİ-yə daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bir araya sığmır. O bildirib ki, Aİİ ilə əlaqələr məhdudlaşdırılarsa, Ermənistanda enerji qiymətləri artacaq və ixrac azalacaq:
"Aİİ və Aİ bir-birinə uyğun gəlmir. Hər iki birlik gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur. Buna görə də Ermənistanda baxılan “Avropa Birliyinə qoşulma prosesinin başlanması” qanun layihəsi bu ölkəni seçim qarşısında qoyur”.
Aydın Baxış