Ölkədə yol nəqliyyatının inkişafı və problemlərinin həlli uzun illərdir ki, hökumətin diqqət mərkəzindədir.
Əhalinin artması, şəhərlərin genişlənməsi və urbanizasiya prosesləri ilə əlaqədar olaraq, nəqliyyat sıxlığı gün keçdikcə daha da artır. Bakı şəhərində, xüsusilə iş saatlarında tıxaclar əhalinin gündəlik həyatını çətinləşdirir, vaxt itkisinə və daha çox enerji sərfiyyatına səbəb olur. Tıxacların yaranması yalnız nəqliyyatın sürətinə deyil, həm də ətraf mühitə təsir edir, çünki tıxaclar nəticəsində havaya atılan zərərli qazların miqdarı artır, bu da şəhərin hava keyfiyyətini pisləşdirir.
Hökumət bu problemlərin həllinə yönəlmiş bir sıra böyük layihələr həyata keçirib və yol infrastrukturunun təkmilləşdirilməsi, yeni nəqliyyat vasitələrinin istifadəyə verilməsi istiqamətində bir çox addımlar atılıb. Yeni yolların salınması, mövcud yol şəbəkələrinin genişləndirilməsi, yeni avtobus xətlərinin istifadəyə verilməsi kimi tədbirlər əhali arasında nəqliyyatın daha rahat və sürətli olmasına imkan yaradıb. Bununla yanaşı, avtomobil sayının artması ilə əlaqədar olaraq, tıxacları azaltmaq üçün daha çox alternativ nəqliyyat formalarına ehtiyac duyulub.
Bəs bu problemlərin həlli ilə bağlı daha hansı addımların atılması gözlənilir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, ölkəmizin başçısı yerli televiziyalara verdiyi açıqlamalarda bu mövzuya geniş münasibət bildirib:
"Dövlət başçısı bildirib ki, Azərbaycan hökuməti vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra edib. Aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, "beton yol" adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi. Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır. Yenə də şəhər tıxaclarda "boğulmağa" başlayıb. Hazırlanmış Baş Planda avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri də dayanır. Dövlət başçısı əlavə edib ki, son vaxtlar bir neçə metro stansiya istifadəyə verilib. Amma bu, kifayət deyil və yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçilib və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihəyə start veriləcək".
Əli Məsimli: Səhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra edilib
Onun sözlərinə görə, prezident yol infrastruktutunun fəaliyyətinin səmərəliliyinin artırılmasında beynəlxalq təcrübənin əhəmiyyətini qeyd edərkən xüsusi vurğulayıb ki, bəzən yeni yol açılır, amma yol tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də beynəlxalq mütəxəssislər cəlb edilməklə bu problem öz həllini tapacaq:
"Bütün bunlarla yanaşı prezident onu da bildirib ki, şəhər avtobus parkını elektrobuslarla əvəzləmək prosesi də başlamışdır. Artıq Azərbaycana 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq. Bu ilin oktyabr-noyabr aylarında Azərbaycanda istehsal olunan birinci elektrik avtobuslar istifadə ediləcək və bu da şəhərimizin havasına çox müsbət təsir göstərəcək".
Deputat qeyd edib ki, dövlət başçısı yolların tez sıradan çıxması ilə bağlı məsələyə toxunarkən avtomagistrallarda elektron tərəzilərin quraşdırılmasını xüsusi vurğulayıb:
"Keçən il bu addımların atılmasına başlanılıb, bu il də davam edəcək və bütün magistrallarda quraşdırılacaq. Çünki yeni yol çəkilir, amma sonra bəzi iş adamları yük maşınlarını elə yükləyirlər ki, o, yolu dağıdır. Ona görə birinci elektron tərəzilər quraşdırılandan sonra artıq buna son qoyuldu. Buna görə böyük cərimələr tətbiq olunur. Artıq yük daşıyan şirkətlər özləri yüklərin çəkisini ölçürlər ki, cəriməyə məruz qalmasınlar. Bir çox müasir texnologiyalara əsaslanan yeniliklər tətbiq edilir və ediləcək".
Əli Hüseynov